12 noyabr 2026 15:05
71

Qırğızıstanda bir qrup siyasətçi millətlərarası münaqişə yaratmaq istəyir - Sadır Japarov xalqa müraciət edib

Qırğızıstan Prezidenti Sadır Japarov bəyan edib ki, yanvarın 27-nə təyin edilmiş prezident seçkiləri ərəfəsində bəzi siyasətçilər respublikanın cənubunda etnik qırğızlar və özbəklər arasında millətlərarası münaqişə təşkil etmək planları qururlar.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Qoynunda daş gizlədən" pis niyyətli, vicdansız siyasətçilər iğtişaşlar törətmək və səsvermənin keçirilməsini pozmaq məqsədilə seçkilərə qədər ölkənin cənubunda özbəklərlə qırğızlar arasında millətlərarası münaqişəni qızışdırmaq planlarını müzakirə edirlər", — deyə Qırğızıstan dövlətinin başçısı "Facebook" sosial şəbəkəsində yazıb.

Japarovun sözlərinə görə, bu təxribatçı niyyətlərin həyata keçirilməsi ehtimalı mövcuddur. "Biz artıq iki dəfə — 1990 və 2010-cu illərdə buna bənzər hadisələr yaşamışıq. Həmin iki toqquşma nəticəsində həm özbəklər, həm də qırğızlar olmaqla bir çox dinc sakin həlak olub. Bununla yanaşı, hətta o münaqişələrin təşkilatçılarının yaxınları belə heç bir məsuliyyət daşımayıblar", — deyə ölkə prezidenti xatırladıb.

Bununla əlaqədar olaraq, Qırğızıstan rəhbəri vətəndaşlara müraciət edərək onları təxribatçı bəyanatlara uymamağa və özlərinin münaqişəyə cəlb olunmasına imkan verməməyə çağırıb. "Xüsusilə hər iki münaqişəni yaşamış özbək və qırğız ağsaqqallarına, yaşlı nəslin nümayəndələrinə müraciət edirəm. Həmin hadisələri görməmiş 20-25 yaşlı indiki çılğın gənclərə millətlərarası toqquşmaların nə qədər faciəvi nəticələrə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edin", — deyə o bəyan edib.

Qırğızıstan lideri həmçinin həmvətənlərini təxribat xarakterli fikirlərin yayılması faktları barədə dərhal Milli Təhlükəsizlik Dövlət Komitəsinə (MTDK) və Daxili İşlər Nazirliyinə (DİN) məlumat verməyə çağırıb. O əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları peşəkar və vətənpərvərdirlər, onların geniş texniki imkanları var və bütün ölkə üzrə on minlərlə videokamera işləyir. "Bu gün biz təhlükəsiz ölkədə yaşayırıq. Bundan sonra da xalqın təhlükəsizliyini təmin etmək və əmin-amanlığını qorumaq naminə insanları bir-birindən ayıranlara qarşı sərt tədbirlər görəcəyik", — deyə dövlət başçısı əmin edib.

Japarovun qeyd etdiyi kimi, ölkə yalnız insanlar həmrəylik və birlik içində yaşadıqda inkişaf edə və çiçəklənə bilər.

Qırğızıstanda prezident seçkiləri 2027-ci il yanvarın 27-nə təyin edilib.