11 noyabr 2026 14:15
158

Qanunun aliliyi və siyasi plüralizm demokratik inkişafın əsas prinsipləri kimi

12 noyabr Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar gündür. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizin hüquqi və siyasi sisteminin formalaşmasında yeni mərhələnin əsasını qoydu. Bu mühüm tarixi hadisə dövlət müstəqilliyinin hüquqi təminatlarını möhkəmləndirdi, idarəçilik sisteminin başlıca prinsiplərini müəyyənləşdirdi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi təsbit etdi. Konstitusiyanın qəbulu, eyni zamanda, Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu strateji inkişaf yolu kimi seçdiyini nümayiş etdirdi.

Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü milli dövlətçiliyimizi ciddi sınaqlarla üz-üzə qoymuşdu. Belə mürəkkəb şəraitdə müstəqilliyin qorunması, ictimai-siyasi sabitliyin təmin edilməsi, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və gələcək inkişafın hüquqi əsaslarının yaradılması həyati zərurətə çevrilmişdi. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörən dövlətçilik strategiyası sayəsində ölkədə sabitlik bərqərar edildi, genişmiqyaslı quruculuq prosesinə başlanıldı. Yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi də müstəqil dövlətin möhkəm hüquqi təməllər üzərində inkişafını hədəfləyən bu strategiyanın mühüm istiqamətlərindən biri idi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Əsas Qanun xalqın iradəsini, milli dövlətçilik ənənələrini və ümumbəşəri dəyərləri özündə ehtiva edən fundamental sənəd kimi tarixə düşdü. Konstitusiyada hakimiyyət bölgüsü, qanunun aliliyi, siyasi plüralizm, mülkiyyət hüququ, vicdan və söz azadlığı, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması kimi demokratik dövlətin əsasını təşkil edən prinsiplər təsbit olundu. Bu müddəalar müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, dövlətlə vətəndaş arasında münasibətlərin hüquqi əsaslarını formalaşdırdı. Beləliklə, Konstitusiya ölkəmizdə hüquqi dövlət quruculuğunun və demokratik cəmiyyətin inkişafının başlıca təminatına çevrildi.

Əsas Qanunun qəbulundan ötən dövr ərzində Azərbaycanda siyasi, iqtisadi və hüquqi sahələri əhatə edən genişmiqyaslı islahatlar həyata keçirilib, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması istiqamətində mühüm addımlar atılıb. Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin genişləndirilməsi, dövlət-vətəndaş münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması bu prosesin əsas istiqamətlərini təşkil edib. Eyni zamanda, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi, beynəlxalq hüquq normalarına və demokratik dəyərlərə əsaslanan münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi konstitusion prinsiplərin inkişafına da mühüm töhfə verib. Bütün bunlar göstərir ki, Konstitusiya yalnız hüquqi normaları özündə birləşdirən sənəd deyil, həm də dövlətin davamlı inkişafının, siyasi sabitliyin və ictimai tərəqqinin etibarlı təminatıdır.

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası isə milli dövlətçilik tarixində olduğu kimi, konstitusion inkişaf prosesində də yeni mərhələnin başlanğıcını qoydu. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində konstitusion quruluşun bərpası təmin edildi. Bununla da Azərbaycan müstəqillik tarixinin ən mühüm strateji hədəflərindən birinə nail oldu. Dövlət suverenliyinin ölkənin bütün ərazilərində təmin edilməsi Konstitusiyanın hüquqi qüvvəsinin və dövlət hakimiyyətinin bütün ölkə ərazisində tam şəkildə həyata keçirilməsi üçün yeni imkanlar yaratdı.

Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, müasir yaşayış məntəqələrinin salınması Azərbaycanın dövlət suverenliyinin real təzahürləridir. Qarabağ və Şərqi Zəngəzurda icra olunan layihələr yalnız dağıdılmış infrastrukturun yenidən qurulmasına deyil, həm də insanların konstitusion hüquqlarının, təhlükəsiz yaşayışının və layiqli həyat şəraitinin təmin edilməsinə xidmət edir. Dövlətin öz vətəndaşlarının hüquq və azadlıqlarını, təhlükəsizliyini və sosial rifahını ölkənin bütün ərazilərində təmin etmək imkanına malik olması suverenliyin mühüm göstəricilərindəndir. Bu baxımdan, azad edilmiş torpaqlarda aparılan quruculuq prosesi Konstitusiyada təsbit edilmiş hüquq və prinsiplərin real həyatda təcəssümünə çevrilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, beynəlxalq mövqeləri güclənib, milli maraqların qorunması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra formalaşan yeni reallıqlar dövlət idarəçiliyinin, hüquqi münasibətlərin və konstitusion mexanizmlərin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsini də aktuallaşdırıb. Bu baxımdan, Əsas Qanunun müddəalarının ölkənin yeni inkişaf mərhələsinin reallıqları ilə uzlaşdırılması dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi də məhz bu tarixi zərurətdən irəli gəlirdi. Bu qərar Konstitusiyanın qəbulunun 30 illiyinə və dövlət suverenliyimizin tam bərpasına verilən yüksək qiymətin ifadəsi olmaqla yanaşı, hüquqi dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi, milli suverenlik ideyasının cəmiyyətdə daha dərindən dərk olunması baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Konstitusiya yalnız dövlətin hüquqi əsaslarını müəyyənləşdirən sənəd deyil, həm də xalqın milli iradəsini, dövlətçilik təfəkkürünü və gələcəyə baxışını özündə əks etdirən fundamental dəyərdir. Onun müddəalarına hörmətlə yanaşılması, qanunun aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, hər bir vətəndaşın hüquq və vəzifələrinə məsuliyyətlə yanaşması demokratik cəmiyyətin dayanıqlı inkişafının əsas şərtlərindəndir. Hüquqi dövlətin möhkəmliyi yalnız mükəmməl qanunvericilik bazası ilə deyil, həm də cəmiyyətdə hüquq mədəniyyətinin formalaşması, qanunlara hörmət və hüquqi məsuliyyət anlayışının gündəlik həyat normasına çevrilməsi ilə ölçülür. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi və hüquqi borcudur.

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etmiş, beynəlxalq mövqelərini möhkəmləndirmiş, qarşısına yeni inkişaf hədəfləri qoymuş müstəqil dövlətdir. Ölkəmizin gələcək tərəqqisinin, milli birliyinin və dövlət müstəqilliyinin hüquqi təminatını təşkil edən Konstitusiya isə dövlətçilik iradəmizin, demokratik dəyərlərə sadiqliyimizin və suverenliyimizin əsas rəmzlərindən biridir. 12 Noyabr – Konstitusiya Günü bu baxımdan yalnız tarixi sənədin qəbulunu xatırladan əlamətdar tarix deyil, həm də müstəqil dövlətimizin hüquqi təməllərinə, milli iradəsinə və suverenliyinə ehtiramın ifadəsidir. Əsas Qanunumuzun müəyyən etdiyi prinsiplərə sadiqlik Azərbaycanın güclü, demokratik və hüquqi dövlət kimi inkişafının, gələcək nəsillər qarşısında dövlətçilik məsuliyyətinin etibarlı təminatıdır.

Bədəl Bədəlov,
Milli Məclisin deputatı