11 noyabr 2026 15:07
129

Konstitusiyamız - müstəqil Azərbaycanın dövlətçilik qüruru və suverenliyimizin sarsılmaz təminatı

Hər bir dövlətin müstəqilliyinin möhkəmliyi, siyasi və hüquqi sisteminin dayanıqlılığı, gələcək inkişaf perspektivləri onun Konstitusiyasında təsbit olunmuş fundamental prinsiplərlə müəyyən edilir. Konstitusiya dövlət quruluşunun əsaslarını, hakimiyyətin təşkili və fəaliyyətini, dövlətlə vətəndaş arasında münasibətləri tənzimləməklə yanaşı, xalqın dövlətçilik iradəsini, milli dəyərlərini və strateji hədəflərini özündə əks etdirir. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi təməli, suverenliyimizin və demokratik inkişafımızın əsas təminatıdır.

Hər il noyabrın 12-də qeyd olunan Konstitusiya Günü müstəqil Azərbaycanın ilk Əsas Qanununun qəbul edildiyi tarixi təcəssüm etdirir. Bu əlamətdar gün dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması və hüquqi dövlət quruculuğu istiqamətində əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın konstitusiya quruculuğu tarixi dövlətçilik salnaməmizin mühüm mərhələlərindən biridir. Ölkəmizdə 1921, 1927 və 1937-ci illərdə Konstitusiyalar qəbul edilmiş, Azərbaycan SSR-in sonuncu Konstitusiyası isə 1978-ci il aprelin 21-də təsdiq olunmuşdur. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi milli maraqlarımızın və mənəvi dəyərlərimizin qorunması baxımından tarixi addım olmuşdur.

1991-ci ildə dövlət müstəqilliyimizin bərpası konstitusiya quruculuğunda yeni mərhələnin başlanğıcını qoydu. Lakin müstəqilliyin ilk illərindəki siyasi böhran və qeyri-sabitlik yeni Konstitusiyanın qəbulunu çətinləşdirirdi. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, dövlət quruculuğunun əsas istiqamətləri müəyyənləşdirildi və yeni Əsas Qanunun hazırlanmasına başlanıldı.

Ümummilli Liderin rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə təqdim edildi. 1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu və həmin il noyabrın 27-də qüvvəyə mindi. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edildi.

Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük tarixi xidmətlərindən biridir. Bu sənəd Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının təməlini qoyaraq xalq hakimiyyəti, hakimiyyət bölgüsü, qanunun aliliyi, siyasi plüralizm və insan hüquq və azadlıqlarının üstünlüyü prinsiplərini təsbit etdi. Eyni zamanda, dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini, idarəçilik sisteminin hüquqi əsaslarını və ölkənin strateji inkişaf istiqamətlərini müəyyənləşdirdi.

Konstitusiyanın qırx səkkiz maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.

Konstitusion quruluşun və Əsas Qanunun aliliyinin qorunmasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi mühüm rol oynayır. Konstitusiya nəzarətinin həyata keçirilməsi, normativ hüquqi aktların Əsas Qanuna uyğunluğunun yoxlanılması və konstitusion hüquq və azadlıqların müdafiəsi bu məhkəmə orqanının fəaliyyətinin əsas istiqamətlərindəndir.

İctimai münasibətlərin və dövlət idarəçiliyinin inkişafı ilə əlaqədar 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar vasitəsilə Konstitusiyaya əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır.

Azərbaycanın müasir dövlətçilik tarixində Konstitusiyanın əhəmiyyəti ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə daha da artmışdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış tarixi Zəfər və 2023-cü ildə suverenliyin ölkəmizin bütün ərazisində tam bərpası dövlətçilik tariximizin yeni mərhələsini müəyyən etmişdir. Bu tarixi nailiyyətlər Konstitusiyada təsbit olunmuş müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinin təntənəsidir.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi xüsusi tarixi əhəmiyyət daşıyır. Bu qərar Əsas Qanunun dövlətçilik tariximizdəki rolunun, milli suverenliyimizin möhkəmləndirilməsindəki əhəmiyyətinin və konstitusion dəyərlərin təbliğinin önəmini bir daha vurğulayır.

Həmçinin, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi Konstitusiyanın hazırlanması və təkmilləşdirilməsi, hüquq sisteminin inkişafı, Əsas Qanunun aliliyinin təmin olunması və insan hüquqlarının müdafiəsi sahəsində xidmətlərə verilən dəyərin ifadəsidir.

Konstitusiyanın aliliyinin təmin edilməsi yalnız dövlət orqanlarının deyil, hər bir vətəndaşın da məsuliyyətidir. Qanunlara hörmət, hüquqi mədəniyyətin yüksəldilməsi və insan hüquqlarının qorunması demokratik cəmiyyətin davamlı inkişafının mühüm şərtlərindəndir. Bu baxımdan, konstitusion dəyərlərin təbliği və əhalinin hüquqi maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

12 Noyabr - Konstitusiya Günü xalqımızın dövlətçilik iradəsini, müstəqillik əzmini və milli suverenliyə sadiqliyini təcəssüm etdirir. Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin əhəmiyyətini bir daha önə çəkir, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi nailiyyətlərin hüquqi əsaslarını və Azərbaycanın gələcək inkişaf hədəflərini diqqətə çatdırır.

Bu gün Konstitusiyamız müstəqil dövlətimizin inkişafının, milli maraqlarımızın qorunmasının, insan hüquq və azadlıqlarının təmin edilməsinin və suverenliyimizin möhkəmləndirilməsinin etibarlı hüquqi təminatıdır. Əsas Qanunun prinsiplərinə sadiqlik və qanunun aliliyinin qorunması güclü, demokratik və firavan Azərbaycanın gələcəyinin başlıca şərtidir.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri