09 noyabr 2026 16:18
191

Təhsil işçiləri üçün “Zəfər düşərgəsi” keçirilib

Noyabrın 8-də Zəfər Günü münasibətilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə “Zəfər düşərgəsi” keçirilib.

“İki sahil” xəbər verir ki, həmkarlar ittifaqı üzvü olan 300 nəfərə yaxın elm və təhsil işçisinin iştirak etdiyi düşərgənin açılış mərasimində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra ETİHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə düşərgəni açıq elan edərək çıxış edib.
O, Vətən müharibəsində qazanılan tarixi Zəfərin xalqımızın qəhrəmanlıq salnaməsindəki xüsusi yerindən, milli birlik və həmrəyliyin əhəmiyyətindən danışıb. Tarixi Qələbənin mahiyyətinin gənc nəslə çatdırılmasında müəllimlərin və təhsil işçilərinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb.

Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva və digər çıxışçılar da Zəfər tariximizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı rolundan, müəllimlərin milli-mənəvi dəyərlərin təbliğindəki məsuliyyətindən və təhsil işçilərinin bu istiqamətdə vəzifələrindən bəhs ediblər.

Düşərgə çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovla görüş keçirilib. Görüşdə ETİHİ Respublika Komitəsinin Mədəni, kütləvi və idman işləri şöbəsinin müdiri Elnur Sadıqov çıxış edərək qəhrəmanlarımızın xalqımız qarşısındakı fədakarlıqlarının heç vaxt unudulmayacağını vurğulayıb.

Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov çıxışında döyüş yolundan, Azərbaycan əsgərinin qəhrəmanlığından, tarixi Qələbənin əldə olunmasında xalqımızın birlik və həmrəyliyinin əhəmiyyətindən danışıb. O, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək Zəfər tariximizin gənc nəslə çatdırılmasının, müəllim və təhsil işçilərinin vətənpərvər nəslin yetişdirilməsindəki rolunun vacibliyini vurğulayıb.

Sonda Elm və Təhsil Nazirliyi Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Habil Qurbanov çıxış edərək qəhrəmanlarımızla keçirilən belə görüşlərin müəllimlər və təhsil işçiləri üçün əhəmiyyətindən danışıb. O, qəhrəmanların həyat və döyüş yolunun gənc nəslə tanıdılmasının, vətənpərvərlik ruhunun təbliğinin vacibliyini qeyd edib.

Düşərgə çərçivəsində iştirakçıların peşəkar inkişafına və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə yönələn təlim və seminarlar, idman yarışları, intellektual oyunlar və müxtəlif müsabiqələr təşkil olunub. Bayram münasibətilə iştirakçılar üçün konsert proqramı da təqdim edilib.

İştirakçılarla keçirilən görüşlərdə “AHİK Plus” və “PUSH 30” layihələri, həmkarlar ittifaqlarının fəaliyyəti, ittifaq üzvlərinin sosial müdafiəsi istiqamətində görülən işlər və həyata keçirilən digər layihələr barədə ətraflı məlumat verilib.

Tədbir bayram əhval-ruhiyyəsində başa çatıb.