09 noyabr 2026 11:47
130

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımalarının həcmini artırır

Qazaxıstan 2030-cu ilə qədər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcmini ildə 10 milyon tona çatdırmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, Qazaxıstanın nəqliyyat nazirinin müavini Damir Kojahmetov bu barədə Astanada diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların rəhbərləri üçün keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, 2026-cı ilin ilk on ayında marşrut üzrə 522 konteyner qatarı göndərilib, ötən ilin eyni dövründə isə bu rəqəm 292 olub. İllik hədəf 600 qatardır.

Hazırda konteyner qatarı Çinin Sian şəhərindən Azərbaycana 9-11 günə, Gürcüstanın Poti şəhərinə isə 15-18 günə çatır.

2030-cu ilə qədər Qazaxıstan Xəzər limanlarının tutumunu təxminən 45 milyon tona çatdırmağı, o cümlədən konteyner tutumunu 740.000 TEU-ya qədər artırmağı planlaşdırır.