09 noyabr 2026 10:47
48

Norveçin baş naziri Avropanı Rusiya ilə dialoqa çağırıb

Avropa Rusiya ilə danışıqlar aparmalıdır, əks halda Ukraynada münaqişə başa çatmaya bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Styore "Politico" nəşrinə müsahibəsində bildirib.

“Biz aydan-aya yaşayır və düşünürük ki, Avropa Moskva ilə danışıqlar aparmasa belə, bu müharibə başa çatacaq. Lakin bu, illüziyadır”, - deyə o, Rusiyanın Prezidenti Vladimir Putinlə telefon danışığını şərh edərkən bildirib. Həmin telefon danışığı Əbu-Dabidə yeni danışıqların keçirilməsindən əvvəl baş tutub.

Norveçin Baş naziri vurğulayıb ki, Avropa mütləq dialoq aparmalıdır və bu prosesə “Avropa üçlüyü” – Böyük Britaniya, Fransa və Almaniya rəhbərlik etməlidir.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşündə Moskvanın Ukraynadakı münaqişənin nizamlanması üzrə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək. Rusiya nümayəndə heyətinə dövlət başçısının köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Danışıqlarda Avropa ölkələrinin, o cümlədən Fransanın da iştirak edəcəyi gözlənilir.