07 noyabr 2026 21:46
224

Malayziyada Azərbaycanın Zəfər Günü qeyd olunub

Azərbaycanın Malayziyadakı səfirliyi paytaxt Kuala Lumpur şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil edib.

“İki sahil” xəbər verir ki, diplomatların, Malayziyanın rəsmi qurumlarının təmsilçilərinin, Senat və Nümayəndələr Palatasının üzvlərinin, nüfuzlu universitet və elmi-tədqiqat qurumlarının, işgüzar və ictimai təşkilatların nümayəndələrinin, Malayziyadakı Azərbaycan, Türkiyə, Pakistan icmasının təmsilçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Səfir Xəzər Fərhadov Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızı şanlı Zəfərə aparan yolun hərbi, iqtisadi-sosial, siyasi və strateji tarixindən, Azərbaycanın öz haqlı mübarizəsində qarşılaşdığı ikili standartlar və digər bütün çətinliklərə baxmayaraq, beynəlxalq hüququn tələblərini təkbaşına icra edərək Zəfərə nail olmasından bəhs edib. Qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqı və dövlətinin 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının, xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin parlaq təcəssümü, həmçinin milli birliyin və qürurun rəmzidir.

Səfir, həmçinin müharibədən sonra Azərbaycanın təklifi ilə başlayan sülh prosesi, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, “Böyük Qayıdış” barədə söz açıb.

Tədbirdə Zəfər Gününə həsr olunmuş videolar nümayiş etdirilib, habelə Qarabağ zəfərini və zəfərdən sonra regionda aparılan bərpa-quruculuq işlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

Qonaqlar üçün Azərbaycan milli mətbəxinin nümunələrinin təqdim olunduğu tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Orxan Cəlilovun Azərbaycana və şanlı zəfərə həsr edilmiş ifaları ilə davam etdirilib.