Azərbaycanın Təbriz şəhərindəki baş konsulluğunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Baş konsulluqdan “İki sahil”ə verilən məlumata görə, tədbirdə İranın Şərqi Azərbaycan vilayətinin valisinin siyasi və ictimai məsələlər üzrə müavini Murtəza Məhəmmədzadə, Təbriz şəhərinin icra hakimi Davud Gərşasbi, Şərqi Azərbaycan gömrüklərinin rəisi Əliəsgər Abbaszadə, Təbriz Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının idarə heyətinin sədri Yunis Jaele, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri Məhəmməd İbrahimi, Türkiyənin Təbriz şəhərində baş konsulu Mete Zaimoğlu və baş konsulluğun heyəti, Təbrizdə yaşayan, habelə təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Həmçinin Zəfər Gününün əhəmiyyətini əks etdirən fotosərgi təşkil olunub.
Tədbirdə çıxış edən baş konsul Taleh Zöhrabov Azərbaycanın ərazi bütövlüyünün bərpasının Azərbaycan tarixinin ən mühüm səhifələrindən biri kimi yaddaşlara əbədi həkk olunduğunu bildirib.
T.Zöhrabov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi, qətiyyətli rəhbərliyi və çoxşaxəli diplomatik fəaliyyətinin Zəfərimizin təməl prinsipi olduğunu bildirib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun döyüş meydanında qazandığı parlaq Zəfərin dünya hərb tarixində yeni səhifələr açdığını söyləyib.
8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının birliyinin, dövlətimizin qüdrətinin, həyata keçirilən çoxşaxəli inkişaf strategiyasının və milli iradəmizin rəmzi olduğunu qeyd edən T.Zöhrabov işğal altında olmuş ərazilərimizin düşməndən azad edilməsinin Ümummilli Lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu müstəqil Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş ən mühüm tarixi nailiyyət olaraq şərəf tariximizə qızıl hərflərlə yazıldığını diqqətə çatdırıb.
Tədbir iştirakçılarına azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, yeni qurulan istehsal müəssisələri, yol infrastrukturu, yerli sakinlərin öz doğma yurd-yuvalarına qayıdışı, sülh gündəliyi və regionda əməkdaşlıq barədə məlumat verilib.
Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin də 44 günlük Vətən müharibəsində işğaldan azad olunduğu və hazırda həmin ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin, habelə inşa olunan avtomobil və dəmir yolu xətlərinin, eləcə də sərhəd Araz çayı üzərində tikintisi yekunlaşmaq ərəfəsində olan “Ağbənd-Kəlalə” avtomobil körpüsünün iki ölkə, eləcə də iki ölkənin həmsərhəd bölgələri arasında iqtisadi əməkdaşlıq əlaqələrini daha da genişləndirəcəyi nəzərə çatdırılıb.
Tədbirin sonunda baş konsulluq tərəfindən rəsmi ziyafət təşkil olunub.