06 noyabr 2026 12:53
120

Azərbaycanın dövlət bayrağı mühüm ideoloji əsasları özündə cəmləmişdir

Azərbaycanın üçrəngli bayrağı xalqımızın istiqlal mübarizəsinin yadigarı, dövlətçilik ənənələrimizin mühüm atributudur. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən bayraq milli ideologiyanın əsas prinsiplərini özündə birləşdirirdi. Mavi, qırmızı və yaşıl rənglər türkçülük, müasirlik və islamçılıq məfkurəsini ifadə edərək xalqımızın milli-mənəvi dəyərlərini və dünyagörüşünü nümayiş etdirir.  Bayraq Respublikanın varlığını təsdiqləyən, millətini ucaldan, hər bir vətəndaşı qürurlandıran dövlət rəmzdir.

1920-ci ildə Azərbaycanın müstəqilliyinin itirilməsi ilə üçrəngli bayrağımızın rəsmi statusuna son qoyulsa da, istiqlal arzusu xalqın yaddaşından silinmədi. Müstəqillik ideyası sonrakı nəsillərə ötürüldü, milli dövlətçilik düşüncəsi yaşadıldı. Bu baxımdan, 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi tarixi cəsarət və siyasi iradə nümunəsi idi. 1991-ci il fevralın 5-də üçrəngli bayrağın yenidən Azərbaycan Respublikasının Dövlət Bayrağı elan edilməsi, həmin ilin oktyabrında dövlət müstəqilliyin bərpası ilə milli dövlətçilik tarixinin yeni mərhələsi başlandı.

Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.

Ümummilli Liderimiz Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini hər sahədə uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə qəbul edildiyi 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. Azərbaycanda Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin yaradılması ölkə başçısının dövlət bayrağına nə qədər böyük önəm verdiyini bir daha sübut edir. 2010-cu il sentyabrın 1-də Bakıda açılışı olan Dövlət Bayrağı Meydanında ucaldılan bayraq dayağının hündürlüyü 162 metrdir. Bu dünyada ən hündür bayraq dayağıdır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzinə çevrilib. Üçrəngli, Ay - ulduzlu bayrağımızın yüksəklərdə dalğalanması üçün xalqımız çox çətin, eyni zamanda şanlı mübarizə yollarından keçmişdir. Minlərlə Vətən övladının qanı-canı bahasına başa gəlmiş, xalqımızın şərəf və qürur abidəsi sayılan bayrağımız Azərbaycanın milli dəyərlərini daşımaqla yanaşı, bu günədək yaşadığımız müharibələrin və milli-azadlıq mücadiləmizin şahididir. Bu günün ümumxalq bayramı kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hisslərinin çatdırılması, atributlarımızın təbliği baxımından olduqca əhəmiyyətlidir və həm də dövlətçilik ənənələrinə verilən yüksək dəyərin göstəricisidir. Qəhrəman xalqımız 44 günlük Vətən müharibəsində üç rəngli bayraq altında bir yumruq kimi birləşdi. 44 gün davam edən Vətən müharibəsində ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə bütün vətəndaşlarımız “Təki Vətən sağ olsun"- deyib mübarizəyə qoşuldu. Yenilməz Ordumuz şəhərbəşəhər, kəndbəkənd irəlilədikcə işğaldan azad etdikləri məntəqələrin ən uca nöqtələrinə bayrağımızı sancdılar. Bəli, bu gün artıq Azərbaycan xalqı bu şərəfli tarixin şahididir.

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra ölkəmizin bütün ərazilərində suverenliyin təmin edilməsi isə dövlət bayrağımızın vahid Azərbaycan üzərində dalğalanmasını tam reallığa çevirdi. Artıq uca  bayrağımız azad olunan qədim yurd yerlərimizdə, əzəli torpaqlarımız olan Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Laçında, Kəlbəcərdə, Hadrutda, Suqovuşanda, Şuşada, Xankəndidə, Xocalıda, Xocavənddə, digər kənd və qəsəbələrimizdə qürurla dalğalanmaqdadır. Bütün bunlar Azərbaycan tarixində misli görünməmiş nailiyyətlərdir və bu tarixi nailiyyətlərin memarı cənab İlham Əliyevdir. Üçrəngli bayrağımızın azad olunmuş torpaqlarımızda dalğalanmasını təmin etməklə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, onun ideyalarına  sadiqliyini bir daha nümayiş etdirdi.

Üçrəngli bayrağımız xalqımızın azadlıq salnaməsinin, müstəqil dövlətimizin gücünün və tarixi Zəfərin rəmzidir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri