30 oktyabr 2026 22:57
143

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Oktyabrın 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşü keçirilib.

“İki sahil” xəbər verir ki, “Türk əsri: Dildə, fikirdə və əməldə birlik” şüarı altında təşkil olunan Zirvədə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr (TDT-də müşahidəçi üzv) prezidentləri iştirak ediblər. Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.

Sammitdə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

“Türkiyə sədrliyi Azərbaycandan təhvil alır. Təşkilatımızın bu günə qədər qazandığı institusional təcrübəni yeni nailiyyətlərə çevirməyi hədəfləyirik. Qarşıdakı dövrü türk əsri elan edəcəyik”, - deyə Türkiyə Prezidenti bildirib.

Sonra TDT-də dönəm başqanlığını həyata keçirən Azərbaycan adından XİN başçısı Ceyhun Bayramov çıxış edib.

Çıxışının sonunda nazir Ceyhun Bayramov Azərbaycanın sədrliyi dövründə göstərdikləri dəstəyə görə üzv dövlətlərə təşəkkür edib, Türkiyəyə sədrliyi müddətində uğurlar arzulayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə və türk xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

TDT-nin strateji məqsədlər ətrafında daha da birləşməli olduğunu qeyd edən Özbəkistan Prezidenti türk həmrəyliyi üçün bütün qüvvələrini səfərbər etməyə hazır olduqlarını vurğulayıb.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın TDT sədrliyi dövrünü yüksək qiymətləndirib. Bildirib ki, rəsmi Bakının sədrliyi dövründə təşkilat daxilində əməkdaşlığın inkişafına və birgə təşəbbüslərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verilib.

Prezident Kasım-Jomart Tokayev öz növbəsində Qazaxıstan ilə Azərbaycan arasında Trans-Xəzər Fiber-Optik Rabitə Xəttinin açıldığını və digər türk dövlətlərinin də layihədə iştirak edə biləcəyini bildirib.

Qazaxıstanın tranzit potensialını artırmaq üçün xüsusi proqram həyata keçirdiyini bildirən Tokayev Orta Dəhliz boyunca logistika infrastrukturunun və dəniz limanlarının modernləşdirilməsinin ölkəsinin prioritetləri arasında olduğunu vurğulayıb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov türk dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə çağırıb. O qeyd edib ki, Türkmənistan türk dövlətləri ilə dostluq münasibətlərinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir və TDT-yə qarşılıqlı etimadı, səmərəli əlaqələrin inkişafını və qardaş ölkələr arasında praktiki əməkdaşlığı təşviq edən mühüm bir təşkilat kimi baxır.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman Kipr adasında problemlərin uzunmüddətli və ədalətli həlli istiqamətində bütün tərəflərlə danışıqlar aparmağa hazır olduqlarını bildirib.

Sammitdə TDT-nin Baş katibi vəzifəsini başa vuran Kubanıçbek Ömüralıyevə (Qırğızıstan) minnətdarlıq ifadə olunub, yeni Baş katib Mirvoxid Azimovun (Özbəkistan) təyinatı təsdiqlənib.

Sammitin sonunda Türk Dövlətləri Təşkilatı 13-cü Zirvə Görüşünün birgə bəyannaməsi (Ankara bəyannaməsi) imzalanıb. 163 maddəlik bəyannamədə regional əlaqə və müdafiə sənayesindən ortaq əlifba və nəqliyyat dəhlizlərinə qədər geniş sahədə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanır.