24 oktyabr 2026 17:18
120

Kitab sərgisi mütaliə mədəniyyətinin təbliğində mühüm platformadır - Milli Məclisin deputatı

XII Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizin mədəni və elmi həyatında mühüm hadisələrdən biridir. Xüsusilə gənclərin sərgiyə böyük maraq göstərməsi, tədbirdə fəal iştirakı olduqca sevindiricidir. Bu baxımdan sərgini ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdən biri kimi qiymətləndirmək olar.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, kitab sərgisi təkcə müxtəlif nəşrlərin nümayiş olunduğu məkan deyil, həm də kitaba sevginin və mütaliə mədəniyyətinin təbliğ edildiyi mühüm platformadır. Eyni zamanda, sərgi elmi, ədəbi və mədəni əlaqələrin genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.

Deputat qeyd edib ki, bu cür tədbirlər gənclərin dünyagörüşünün zənginləşməsinə, intellektual inkişafına, eləcə də cəmiyyət üçün aktual mövzular ətrafında fikir mübadiləsinin aparılmasına mühüm töhfə verir.

“Gənclərin mütaliəyə marağının artırılması baxımından belə tədbirlərin mütəmadi təşkili xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq kitab sərgiləri gənc nəslin kitaba bağlılığının gücləndirilməsində, mütaliə vərdişlərinin formalaşmasında mühüm rol oynayır. Sərgidə məktəblilərin, tələbələrin, hətta azyaşlı uşaqların kitablara maraq göstərməsi, sevdikləri nəşrləri seçməsi gələcək nəsillərdə mütaliə mədəniyyətinin inkişafı baxımından sevindirici haldır”, – deyə Vüqar Rəhimzadə vurğulayıb.