24 oktyabr 2026 15:40
110

Parisdə həftəsonu nümayişləri: Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilir

Fransanın paytaxtı Parisdə oktyabrın 24-də bir neçə nümayişin keçirilməsi planlaşdırılıb. Aksiyalarla əlaqədar şəhərin müxtəlif ərazilərində təhlükəsizlik tədbirləri gücləndirilir, bəzi küçələrdə hərəkət məhdudlaşdırılır və ictimai nəqliyyatın fəaliyyətində dəyişikliklər gözlənilir.

“İki sahil” xəbər verir ki, etiraz nümayişlərinin əsas marşrutları arasında Sen-Lazar vağzalı, Respublika meydanı, Monparnas və Nation meydanı istiqamətləri yer alır. Sen-Lazar vağzalından yürüş saat 13:00-da, Respublika meydanı, Monparnas və Nation meydanından isə saat 14:00-da başlamalıdır.

Məlumata görə, polis prefekturasının təhlükəsizlik tədbirləri çərçivəsində 24 metro stansiyası bağlanacaq, üç metro xəttində isə hərəkət qismən dayandırılacaq. Məhdudiyyətlər səhər saat 09:00-dan etibarən qüvvəyə minib. Bağlanacaq stansiyalar arasında “Argentina”, “Assemblée Nationale”, “Bel Air”, “Champs-Élysées–Clemenceau”, “Charles de Gaulle–Étoile”, “Concorde”, “Franklin D. Roosevelt”, “George V”, “Madeleine”, “Opéra”, “Pyramides”, “Rennes”, “Saint-Sulpice”, “Saint-Germain-des-Prés”, “Tuileries” və “Varenne” stansiyaları da var.

Metro xətlərində hərəkətə gəlincə, 2-ci xətdə “Barbès–Rochechouart” və “Nation” stansiyaları arasında, 6-cı xətdə “Kléber” və “Charles de Gaulle–Étoile” stansiyaları arasında, 12-ci xətdə isə “Madeleine” və “Notre-Dame-des-Champs” stansiyaları arasında hərəkət dayandırılacaq.

Saat 22:00-dan etibarən “Respublika”, “Châtelet”, “Les Halles” və “Châtelet–Les Halles” stansiyalarının da bağlanacağı bildirilir. Bağlanmış stansiyaların yenidən açılması polis prefekturasının icazəsindən asılı olacaq.

Asayişin qorunması üçün 70 min hüquq-mühafizə əməkdaşının Fransanın müxtəlif bölgələrində səfərbər edildiyi bildirilir. Parisdə bir sıra ərazilər xüsusi nəzarət altında olacaq, bəzi küçələr nümayişlərdən əvvəl bağlanacaq və aksiyalar başa çatdıqdan sonra da məhdudiyyətlər qüvvədə qala bilər.

Sakinlərə və şəhər qonaqlarına səfərlərini əvvəlcədən planlaşdırmaq, nəqliyyatın hərəkəti ilə bağlı yenilənmiş məlumatları izləmək və nümayiş keçiriləcək ərazilərdə ehtiyatlı olmaq tövsiyə edilir.