23 oktyabr 2026 14:03
242

Qubadlı Şəhəri Günü – Tarixi Zəfərin və Qayıdışın Təntənəsi

Oktyabrın 25-i müharibənin gedişində əhəmiyyətli mərhələ oldu. Qubadlının işğal­dan azad edilməsi əməliyyatı başladı. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksək­lik­lərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün yüksəkliklər götü­rül­dü. Rayonun Xanlıq, Padar, Sarıyataq kəndləri işğaldan azad edildi və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi, noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. 

Ölkə rəhbəri, Ali Baş Komandan cənab  İlham Əliyev Qubadlı rayonunun işğaldan azad edilməsinin ildönümündə  rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə “Bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik” söyləyərək bildirmişdi ki,  Azərbaycan xalqı, indiki  və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək.

Xatırladaq ki, Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər  93 kənd vardı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olmuşdur.  Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon Azərbaycanın cənub-qərbində yerləşir və faydalı qazıntı ehtiyatlarına malikdir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. İşğal nəticəsində rayondan 30 minə yaxın məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində məskunlaşdı. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdıldı.

44 günlük Vətən müharibəsində Qəhrəman oğullarımız Qubadlını işğaldan azad etdi. Bu müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad olunması Böyük Qələbəni yaxınlaşdırdı. Uzun illər ayrı qaldığımız torpaqlarımıza addım-addım yaxınlaşırdıq. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etməklə ermənilərin illərdir yaratdıqları mifləri, eyni zamanda, bu torpaqlarda qurduqları istehkamları dağıtdılar. Dünya Azərbaycan adlı ölkənin qüdrətinə, şücaətinə, yenilməzliyinə və varlığına şahid oldu.

İkinci Qarabağ müharibəsi  gücümüzü,  milli ruhumuzu göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalq bir yumruq kimi birləşdi. Hər rayonun işğaldan azad edilməsinə ayrıca ehtiram ümumən tarixi Zəfərə olan ehtiram­dır. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan  Silahlı Qüvvələrinin hərbi qulluqçuları  Prezidentin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub.

Beləliklə, qubadlılıların doğma torpaqlarına qayıdışı üçün tarixi imkan yarandı.Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Azərbaycan Ordusunun gücü və xalqımızın həmrəyliyi Vətən müharibəsində qazanılan tarixi Zəfərin əsasını təşkil etdi. Bu qələbə bir daha sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq və dövlətimizin ərazi bütövlüyünün təmin olunması üçün bütün qüvvəsini səfərbər edəcəkdir.Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qubadlı rayonunun gələcək inkişafı, infrastrukturun yenidən qurulması, yolların çəkilməsi, yaşayış məntəqələrinin bərpası və sakinlərin doğma yurdlarına qayıtması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər işğaldan azad olunmuş torpaqlarımızda yeni həyatın başlanmasına xidmət edir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir  rayon təşkilatının sədri