22 oktyabr 2026 18:56
114

Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub

Oktyabrın 22-də Bakı şəhərində Azərbaycan və Norveç Krallığı Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

“İki sahil” xəbər verir ki,  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Norveç nümayəndə heyətinə isə bu ölkənin Xarici işlər Nazirliyinin dövlət katibi Eivind Vad Petersson rəhbərlik edib.

Məsləhətləşmələr çərçivəsində Azərbaycan və Norveç arasında siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib və ikitərəfli dialoqun davamlılığının təmin olunmasının vacibliyi qeyd edilib.

Görüşdə ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin və qarşılıqlı fəaliyyətin, eləcə də namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldilib.

Tərəflər regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində görülən işlər, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə tədbirləri barədə məlumat verilib.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.