22 oktyabr 2026 16:48
127

Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək

Oktyabrın 22-də Malayziyanın Kuçinq şəhərində Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) 22-ci Üçillik Baş Assambleyası keçirilib. 

“İki sahil” xəbər verir ki, Assambleya çərçivəsində Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova təşkilatın 2029-cu ildə keçiriləcək növbəti Üçillik Baş Assambleyasına Bakı şəhərinin ev sahibliyi ilə bağlı təqdimat edib.

Təqdimat zamanı Azərbaycanın zəngin mədəni irsi, xüsusilə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş abidə və tarixi əraziləri, Bakının müasir infrastrukturu, beynəlxalq tədbirlərin təşkilində təcrübəsi barədə məlumat verilib. Həmçinin Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini əks etdirən videoçarx nümayiş etdirilib.

Assambleyada ICOMOS-un İdarə Heyəti tərəfindən Bakı şəhərinin 2029-cu ildə ICOMOS-un 23-cü Üçillik Baş Assambleyasına ev sahibliyi etməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, 2021-ci ildə Dövlət Turizm Agentliyinin dəstəyi ilə yaradılmış ICOMOS Azərbaycan Milli Komitəsi ölkədə mədəni irsin qorunması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və bu sahədə peşəkar təcrübə mübadiləsinin təşviqi istiqamətində fəaliyyət göstərir. ICOMOS-un üç ildən bir təşkil olunan Baş Assambleyası isə mədəni irsin qorunması sahəsində ən mühüm beynəlxalq platformalardan biridir.