22 oktyabr 2026 08:43
137

Fransada zorakılıq və dağıntılardan sonra Paris və Lionda nümayişlər qadağan edilib

Fransada oktyabrın 17-də baş vermiş zorakılıq və dağıntılardan sonra Paris və Lion şəhərlərində bir sıra nümayişlərin keçirilməsi qadağan olunub. Məhdudiyyətlər paytaxtın bir neçə ərazisində razılaşdırılmamış aksiyalara, eləcə də Paris və Lionda planlaşdırılan iki şagird və tələbə yürüşünə şamil edilir.

“İki sahil” xəbər verir ki, Paris Polis Prefekturasının qərarına əsasən, oktyabrın 22-də saat 08:00-dan 20:00-dək Yelisey sarayı, Matinyon sarayı, Milli Assambleya, Luvr, Yelisey meydanları, dəmiryol vağzalları və bir sıra digər ərazilərdə əvvəlcədən elan edilməmiş yürüş və toplantılar qadağan olunub.

Bundan əlavə, “Interfac IDF” kollektivinin “Boulevard de l’Hôpital” prospektindən Bastiliyaya qədər keçirməyi planlaşdırdığı yürüşə də icazə verilməyib. “Le Parisien” qəzetinin məlumatına görə, polis qərarını təşkilatçıların əvvəlki aksiyalar zamanı qanun pozuntularının qarşısını ala bilməməsi ilə əsaslandırıb. Kollektiv isə hökuməti repressiv siyasəti ilə çıxılmaz vəziyyət yaratmaqda ittiham edib.

Lionda isə Rona departamentinin prefekti Etyen Güyo UNEF və NPA-R təşkilatlarının saat 14:00-dan 17:00-dək tütün fabriki ərazisindən Bellekur meydanına qədər keçirməyi planlaşdırdığı nümayişi qadağan edib. Prefektura oktyabrın 6, 13, 14 və 17-də baş vermiş zorakılıqları, təhlükəsizlik tədbirlərinin yetərsizliyini və alternativ marşrut barədə razılığın əldə olunmamasını əsas gətirib.

Bu qərarlar oktyabrın 17-də həyat bahalılığına qarşı keçirilən aksiyalar zamanı baş verən talan və dağıntılardan sonra qəbul edilib. Etirazçılar, eyni zamanda, təhsil şəraitindən və ali məktəblərə qəbul sistemi olan “Parcoursup”dan narazılıqlarını ifadə edirlər.

Oktyabrın 21-də Senatda çıxış edən Baş nazir Sebastyen Lökornü şagirdlərin tələblərinə dair ilkin cavabların oktyabrın 26-dək veriləcəyini vəd edib. Daxili işlər naziri Loran Nünez isə qarşıdakı nümayişlərdə asayişin qorunması üçün əlavə təhlükəsizlik qüvvələrinin cəlb olunacağını bildirib.