21 oktyabr 2026 17:39
149

Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib

Tovuz rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirin əsas məqsədi fermerlərin sertifikatlaşdırılmış toxumlarla təmin olunmasına dəstək göstərmək, toxum istehsalçıları ilə fermerlər arasında əlaqələri genişləndirmək, aqrar sahədə müasir texnologiyaların və innovativ yanaşmaların tətbiqini təşviq etmək, eləcə də kənd təsərrüfatı məhsulları istehsalçılarının bazar imkanlarını genişləndirmək olub.

Festivalda toxum istehsalı və satışı ilə məşğul olan özəl şirkətlər, fərdi toxumçuluq subyektləri, aqrar sahədə fəaliyyət göstərən sahibkarlar, fermerlər və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuzda kənd təsərrüfatının inkişafı, fermer təsərrüfatlarının dəstəklənməsi və müasir istehsal imkanlarından səmərəli istifadənin vacibliyini vurğulayıb. Qeyd edib ki, bu cür tədbirlər yerli istehsalçıların məhsullarını tanıtması, yeni işgüzar əlaqələr qurması və aqrar sahədə təcrübə mübadiləsi aparması üçün əlverişli şərait yaradır.

Milli Məclisin deputatı Arzu Nağıyev aqrar sektorun inkişafının ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, regionların iqtisadi potensialının gücləndirilməsində və kənd yerlərində sahibkarlıq fəaliyyətinin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Aqrar Biznes Festivallarının fermerlərlə toxum istehsalçıları, aqrar şirkətlər və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, bu platformalar fermerlərin innovativ məhsul və texnologiyalarla tanış olmasına, təsərrüfatlarının ehtiyaclarına uyğun seçim etməsinə və aqrar sahədə müasir yanaşmaların tətbiqinə şərait yaradır.

Sonra tədbir iştirakçıları sərgi stendlərinə baxış keçirib, nümayiş etdirilən məhsul və texnologiyalarla tanış olublar.

Festival çərçivəsində kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, müasir əkinçilik texnologiyaları, bitki mühafizə vasitələri, müxtəlif toxum sortları, tinglər və digər kənd təsərrüfatı məhsulları nümayiş etdirilib. Yerli istehsalçıların məhsulları ilə yanaşı, aqrar istehsal prosesində istifadə olunan müxtəlif vasitələr və texnoloji həllər də iştirakçıların diqqətinə çatdırılıb.

Toxum Sərgi-Satış Yarmarkasında iştirak edən toxumçular öz məhsullarının xüsusiyyətləri, istifadə qaydaları və əkin üçün uyğunluğu barədə fermerlərə məlumat veriblər.

Həmçinin torpaq-iqlim şəraitinə uyğun sortların seçilməsi və əkin zamanı aqrotexniki tələblərə əməl olunmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, keyfiyyətli toxum materialının seçilməsi kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində, məhsuldarlığın yüksəldilməsində və istehsalın səmərəliliyinin artırılmasında mühüm amillərdən biridir. Toxum istehsalçıları ilə fermerlər arasında birbaşa əlaqələrin qurulması yerli toxumçuluq fəaliyyətinin inkişafına və istehsal imkanlarının genişləndirilməsinə töhfə verir.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlar, eləcə də digər dövlət təşkilatları öz xidmətləri və fəaliyyət istiqamətlərini təqdim ediblər. Dövlət qurumlarının stendlərində fermerlərə kənd təsərrüfatı sahəsində mövcud xidmətlər, istehsal prosesinin təşkili, müvafiq dəstək mexanizmləri və aqrar fəaliyyətlə bağlı imkanlar barədə məlumatlar verilib.

Tədbir çərçivəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərini və hədəflərini əks etdirən posterlər və digər sərgi materialları da nümayiş etdirilib.