Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da işğal olunub. İyirmi yeddi illik işğal dövründə erməni cinayətlərinə şahidlik edən rayon tamamilə dağıdılıb, zəngin təbii ehtiyatlarını ermənilər talayaraq xarici ölkələrə daşıyıb. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində yeni tarix yazdı. Oktyabrın 20-də Zəngilan işğaldan azad edildi. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan Bayrağını ucaltdı.
Dövlətimizin başçısı İlham Əliyevin 2023-cü il 31 iyul tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi haqqında” Sərəncamına əsasən, oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd edilir. Hər bir Şəhər Günü həm 30 illik işğal, həm 44 günlük Vətən müharibəsi, həm də postmünaqişə dövrünün reallıqlarını təhlil etməyi bir tələb kimi qarşıya qoyur. İndiki və gələcək nəsillərə bu reallıqlar barədə dolğun məlumatlar verilməli, tariximizin hər bir səhifəsi daim vərəqlənməlidir. Dövlətimizin başçısı İlham Əliyevin çağırışları sırasında bu mühüm məqam xüsusi yer tutur ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə olunmalı, böyüməlidirlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xalqa qələbə müjdələrini çatdırarkən daim belə bir əminliyi də ifadə edirdi ki, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir ki, bu gün artıq bu reallıqların şahidiyik. Azad edilmiş bütün ərazilərimiz müasir tələblər səviyyəsində bərpa edilir, bu torpaqlarda yaşayacaq soydaşlarımız üçün hər cür imkan və şərait yaradılır. Artıq doğma yurdlarına qovuşmuş keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi bu günün əsas prioritetləri sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə hər bir səfərlərində açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirsək bu reallığı aydın şəkildə görərik. Azad edilmiş hər bir bölgənin malik olduğu iqtisadi potensial yeni istehsal sahələrinin yaradılmasında əhəmiyyətli rol oynayır.
Zəngilanda pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. “Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdirilir. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. Qarabağda istehsal olunan məhsulların “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro Market” də qurulacaq.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan rayonu və kəndlərinin məskunlaşması davam edir. 2026-cı il 1 oktyabr tarixinə qədər Zəngilan şəhərində 84 ailə (339 nəfər), Ağalı kəndinə 234 ailə (1017 nəfər), Məmmədbəyli kəndinə 179 ailə (903 nəfər) məskunlaşıb. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Zəngilan regionun nəqliyyat və iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır