Brüsseldə Avropa Parlamenti ilə Körfəz Əməkdaşlıq Şurasına (GCC) üzv ölkələrin parlamentlərinin rəhbərlərinin görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, konfransın yekununda tərəflər strateji əlaqələri möhkəmləndirmək və parlamentlərarası əməkdaşlığı dərinləşdirmək öhdəliyini təsdiqləyən birgə bəyanat qəbul ediblər.
Avropa Parlamentinin sədri Roberta Metsolanın rəhbərlik etdiyi tədbirdə Körfəz ölkələri ilə Avropa arasında əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və beynəlxalq gündəlik müzakirə olunub. Diqqət Hörmüz boğazı və Qırmızı dənizdə sərbəst gəmiçiliyin təmin olunmasına, enerji təhlükəsizliyinə, Rusiya-Ukrayna müharibəsinin daha geniş təsirlərinə, xalqlararası əlaqələrə, açıq ticarətə və nəqliyyat bağlantılarına yönəlib.
R.Metsola Ər-Riyad hava limanına hücumları pisləyərək həmrəyliyini ifadə edib. O, mürəkkəb təhlükəsizlik şəraitində dialoqun davam etdirilməsi və ortaq çağırışların həllində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb.
Avropa Parlamenti ilə GCC ölkələrinin parlament rəhbərləri arasında bu formatda ilk dəfə keçirilən konfransda Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərin nümayəndələri, həmçinin GCC-nin in baş katibi Casim Məhəmməd əl-Budeyvi iştirak ediblər. 1981-ci ildə yaradılmış təşkilata Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxildir.