16 oktyabr 2026 14:36
111

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Oktyabrın 16-da Azərbaycan Turizm Bürosunun (ATB) Çin Xalq Respublikasının Pekin şəhərindəki nümayəndəlik ofisi və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Pekində təqdimat keçirilib. 

tədbirdə Pekində fəaliyyət göstərən 10-dan çox aparıcı turizm agentliyinin nümayəndələrinə Azərbaycanın qış turizmi imkanları barədə məlumat verilib.

Təqdimat zamanı “Şahdağ” Turizm Mərkəzinin təklif etdiyi qış turizmi təcrübələri və bu məhsulların çinli turistlər üçün hazırlanacaq səyahət proqramlarına daxil edilməsi imkanlarından bəhs olunub. Həmçinin Mərkəzin Azərbaycan üzrə mövcud turizm marşrutlarına daxil edilməsinin səyahət proqramlarının zənginləşdirilməsinə töhfəsi diqqətə çatdırılıb.

Görüş çərçivəsində hər iki ölkəni təmsil edən turizm agentlikləri arasında işgüzar əlaqələrin genişləndirilməsi və ölkənin müxtəlif turizm istiqamətlərinin Çin bazarında təşviqi məsələləri nəzərdən keçirilib.

2026-cı ilin sentyabr ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı ötən ilin müvafiq ayı ilə müqayisədə 28 faiz artaraq 11 049 nəfər təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında isə ölkəmizə 52 115 Çin vətəndaşı səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artım deməkdir.