16 oktyabr 2026 13:04
105

BTC kəməri ilə 9 ayda 19 milyon tona yaxın neft nəql edilib

Bu ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 18 milyon 856,8 min ton neft nəql edilib.

“İki sahil” xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % azdır.

Ötən dövr ərzində magistral neft kəmərləri ilə nəqletmənin 76,6 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82 %-ini və ya 15 milyon 456,1 min tonunu Azərbaycanda hasil edilən neft, 18 %-ini və ya 3 milyon 400,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

"BTC Ko."nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), "EksonMobil" (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir. (Report)