Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti Cənub-Şərqi Asiya ölkələri, xüsusilə də Kamboca Krallığı ilə münasibətlərdə yeni və tarixi bir mərhələnin əsasını qoyur. Ölkəmizin həm regional, həm də qlobal miqyasda qurduğu diplomatik körpülər fonunda Azərbaycan-Kamboca əlaqələri bir sıra mühüm istiqamətlər üzrə inkişaf edir. Azərbaycanın yerləşdiyi coğrafiyanın logistik üstünlüklərini reallaşdırdığı dövrdə Cənub-Şərqi Asiyanın mühüm dövlətlərindən olan Kamboca ilə münasibətlərin dərinləşməsi rəsmi Bakının xarici siyasətinin coğrafi şaxələndirmə strategiyasına tamamilə uyğundur.
Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana etdiyi ilk rəsmi səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 30 ildən artıq dövrün reallıqlarının təhlili əsasında əməkdaşlıqda yeni açılan mərhələnin çağırışlarının təqdimatında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı İlham Əliyev Hun Manet ilə mətbuata bəyanatlarında bu səfərin əhəmiyyətini belə xarakterizə etdilər ki, səfər çox səmərəli olacaq. “Siz Azərbaycanda bir neçə gün keçirəcəksiniz və qarşıdakı günlərdə AQEM-in Zirvə görüşündə də iştirak edəcəksiniz. Sizin bu tədbirdə şəxsən iştirakınız bizim üçün böyük şərəfdir” deyən cənab İlham Əliyev fikirlərinin davamı olaraq onu da vurğuladı ki, həmçinin 12 il bundan əvvəl atanız, keçmiş Baş nazir, hazırda isə Senatın sədri ilə burada, Azərbaycanda keçirdiyim görüşü xatırlayıram. Bu, siyasətimizin davamıdır. Biz yaxşı dost və tərəfdaşıq. Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik.
İkitərəfli iqtisadi və institusional əlaqələri tənzimləmək məqsədilə rəsmi səfər çərçivəsində strateji sənədlər mübadilə olundu. “Ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi”, investorlar üçün münbit şərait yaratmaq məqsədilə “İkiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalandı.
İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri də humanitar və təhsil əməkdaşlığıdır. Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil almasını xatırladan cənab İlham Əliyev bildirdi ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək. Kambocanın Baş nazirinin səfəri çərçivəsində ADA Universiteti ilə Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mübadiləsi bu sahədə yeni imkanlar yaradacaq. Təhsil mübadiləsinin genişləndirilməsi, tələbə və mütəxəssislər arasında əlaqələrin qurulması qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edəcək. Eyni zamanda, Azərbaycanın ASAN xidmət modelinin Kambocada maraq doğurması ölkəmizin dövlət idarəçiliyi sahəsindəki təcrübəsinin beynəlxalq səviyyədə paylaşılması baxımından əhəmiyyətlidir. Dövlətimizin başçısı mətbuata bəyanatında qeyd etdi ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur. Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər.
Prezident İlham Əliyevin bəyanatında mina təhlükəsi və təhlükəsizlik məsələlərinə də xüsusi yer ayrıldı. Hər iki ölkənin mina probleminin ağır nəticələri ilə üzləşməsi bu sahədə təcrübə və bilik mübadiləsini aktual edir. Belə ki, “Biz, həmçinin təəssüf ki, hər iki ölkə üçün ümumi problem olan bir məsələni müzakirə etdik. Bu, mina problemidir. Hər iki ölkə minalardan əziyyət çəkmişdir və bu gün də əziyyət çəkməkdədir. Təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, həmçinin təlimlərin keçirilməsi son dərəcə vacibdir” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra ötən illər ərzində Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya xəsarət almışdır.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan və Kamboca arasında münasibətlərin uğurlu inkişafı, yeni istiqamətlərin müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Kamaləddin Qafarov: Azərbaycanın təcrübəsi tərəfdaş dövlətlər üçün çox faydalı ola bilər