Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən qəhvəyi mərmər bağacığının qışlama dövrünə keçidlə əlaqədar olaraq regionlarda fitosanitar sabitliyin təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. Bununla bağlı, Xaçmaz rayonunda Regional Əlaqələndirmə Mərkəzində zərərvericinin qışlama yerlərində monitorinqlərin aparılması, mübarizə tədbirlərinin təşkili və qurumlararası əməkdaşlığın gücləndirilməsi məsələləri ilə bağlı növbəti iclas keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə AXA-nın sədr müavini Cəfər Məhərrəmov zərərvericinin yayıldığı ərazilərdə monitorinqlərin və mübarizə işlərinin aparılması, fermerlər və yerli sakinlər üçün maarifləndirici təlimlərin təşkili ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, Quba-Xaçmaz regionunda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi üçün Agentliyin ümumilikdə 44 əməkdaşı, 7 nəqliyyat vasitəsi və 17 ədəd çiləyici texnika və avadanlıq ayrılıb.
Sədr müavini qeyd edib ki, ayrılmış resurslardan səmərəli istifadə məqsədilə texniki hazırlığın yoxlanılması, ehtiyaclara uyğun operativ bölgünün aparılması və rayonlar üzrə vahid əlaqələndirmə və hesabat mexanizminin müəyyənləşdirilməsi əsas vəzifələrdəndir. Həmçinin, zərərvericinin sərhəddən ölkəyə keçməsi riskinin azaldılması üçün şimal sərhədində dezinfeksiya qurğusunun yerləşdirilməsi və ölkəyə daxil olan nəqliyyat vasitələrinin müvafiq qaydada dərmanlanmasının təşkil olunduğu diqqətə çatdırılıb.
İclasda qışlama yerlərində mütəmadi monitorinqlərin keçirilməsi, zərərvericinin mexaniki üsulla məhv edilməsi, feromon tələlərdən istifadə və mövsümə uyğun mübarizə tədbirlərinin əlaqəli şəkildə həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək AXA tərəfindən qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə 18 864 ədəd feromon tələ quraşdırılıb, 490 kənddə maarifləndirici tədbirlər həyata keçirilib. Ümumilikdə 59 968 hektarda müşahidə işləri, 725 hektarda mexaniki, 20 963 hektarda kimyəvi mübarizə tədbirləri aparılıb. Həmçinin bioloji vasitələrin istehsalı laboratoriyasında ilkin olaraq 3 000 samuray arısı istehsal olunaraq Balakən, Qax, Zaqatala və Xaçmaz rayonlarında sahələrə buraxılıb.
Kənd Təsərrüfatı Nazirliyində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək