Ölkəmizin geosiyasi nüfuzunu artıran əsas kriteriya Prezident İlham Əliyevin dünya dövlətləri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsini xidmət edən müdrik siyasi kursdur. Belə dövlətlərdən biri də Kambocadır. Okytyabrın 12- də Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri iki öıkə arasında əlaqələrin daha da genişlənməsinə imkanlar yaradıb. Ölkələr arasında əlaqələrin tarixinə nəzər salsaq görərik ki, Azərbaycan–Kamboca arasında diplomatik əlaqələr 1994-cü ilin dekabr ayının 28-də qurulub. 2014-cü ilin aprelində dövlət başçısı səviyyəsində ilk səfər baş tutub ki, həmin vaxt Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycana səfər edib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasimi olub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Kambocanın Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycan və Kambocanın yaxşı dostlar və tərəfdaşlar olduğunu söyləyib: «Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik, bir-birimizə dəstək oluruq». Bildirib ki, dövlətlər arasında siyasi münasibətlər güclüdür, BMT, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində əməkdaşlıq edilir. Dövlətimizin başçısı vurğulayıb ki, eyni zamanda, ticarət və investisiyalar istiqamətində işləri müzakirə etməliyik.
Həmçinin bəyanatda vurğulanıb ki, ölkəmiz Cənub-Şərqi Asiya ilə maraqlanır, bu bizim xarici siyasətin prioritetlərindən biridir, vacib bir bölgədir. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynamaqdadır.
Bu iki ölkə arasında qanunverici hakimiyyət orqanları səviyyəsindəki əlaqələr də ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir. Eyni zamanda, Kamboca Azərbaycanın Asiya Parlament Assambleyasına müşahidəçi qismində qoşulmaq təşəbbüsünü yaxından dəstəkləyir. Bu çoxtərəfli həmrəylik iki dövlətin qlobal platformalarda ədalətli beynəlxalq nizamın, suverenliyin və müstəqil xarici siyasət xəttinin qorunması prinsiplərinə sadiqliyini nümayiş etdirir. Humanitar, təhsil və mədəniyyət sahələrindəki tarixi bağlar da Azərbaycan-Kamboca münasibətlərinin mühüm elementləridir. Hələ ötən əsrin 80-ci illərində respublikamızda yüzlərlə kambocalı tələbənin ali təhsil alması ənənəsinin bərpa olunması təşəbbüsü, kadr hazırlığı və tələbə mübadiləsinin yenidən aktivləşdirilməsi iki ölkənin cari əməkdaşlıq gündəliyində önəmli yer tutur.
Prezident İlham Əliyev görüş çərçivəsində bildirib ki, Azərbaycan və Kamboca mina çirklənməsinin nəticələrindən əziyyət çəkən ölkələrdir. İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin hələ də ciddi problem olaraq qaldığını diqqətə çatdıran ölkəmizin başçısı təcrübə, bilik və texnologiya mübadiləsinin, eləcə də təlim tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Dövlət başçısının bildirdiyinə görə, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində basdırdığı minaların partlaması nəticəsində ərazilərin azad edilməsindən sonrakı illərdə 400-dən çox insan həlak olub və ya yaralanıb. Bu rəqəm mina probleminin yalnız hərbi əməliyyatların nəticəsi olmadığını, həm də mülki əhalinin təhlükəsizliyinə, sosial-iqtisadi inkişafa və insanların doğma yurdlarına qayıdışına təsir edən uzunmüddətli humanitar böhran olduğunu nümayiş etdirir.
Bu gün minalarla çirklənmiş ərazilərin təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işlərinin əsas şərtlərindən biridir. İnfrastrukturun yenidən qurulması, kənd təsərrüfatı torpaqlarının istifadəyə qaytarılması, yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı birbaşa minatəmizləmə prosesinin sürətindən və səmərəliliyindən asılıdır. Buna görə də bu sahədə əldə olunan hər bir texnoloji nailiyyət, hazırlanmış peşəkar kadr və genişləndirilmiş beynəlxalq tərəfdaşlıq Azərbaycanın milli inkişaf prioritetləri ilə bilavasitə bağlıdır.
Ölkəmiz qlobal əməkdaşlıqda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşıb. Kamboca Krallığı ilə münasibətlərdə də Azərbaycan bu prinsiplərə sadiqliyini qoruyur. Ali qonağın da vurğuladığı kimi Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcəkdir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Milli Məclisin payız sessiyası üzrə növbəti iclası oktyabrın 16-da keçiriləcək
Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir
Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək