11 oktyabr 2026 16:32
123

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

“Almaniya üçün Alternativ” (AfD) partiyasının gənclər təşkilatının rəhbərliyində təmsil olunan Helmut Ştraufun Elzas-Mozel ərazilərini Almaniyanın tərkibində göstərən xəritə paylaşması Fransada kəskin reaksiyalara səbəb olub.

“İki sahil” xəbər verir ki, H.Ştrauf “X” sosial şəbəkəsində paylaşdığı xəritədə Fransanın Elzas və Mozel bölgələri ilə yanaşı, Avstriya, İsveçrə, İtaliya və Lüksemburqun bəzi ərazilərini de Almaniyanın tərkibində göstərib. O, paylaşımını “Almaniyanın yenidən birləşməsi bütün alman xalqının vahid dövlət daxilində birləşməsi deməkdir” fikri ilə müşayiət edib. “Böyük Almaniya” ideyasını əks etdirən bu paylaşım sonradan silinsə də, geniş rezonans doğurub.

Fransalı siyasətçilər məsələyə dərhal reaksiya veriblər. İfrat sağçı Milli Birlik (RN) partiyasının deputatı Teo Bernhardt Elzas-Mozelin bir daha heç vaxt Almaniyanın tərkibində olmayacağını və bu ərazilərin ilhaqının qəbuledilməz olduğunu bildirib.

Solçu “Əyilməz Fransa” (LFI) partiyasının deputatları Emmanuel Fernandes və Klemans Güette de sosial şəbəkələrdə çıxış edərək xəritəni pisləyiblər. K.Güette bu cür ideyaları Adolf Hitlerin siyasəti ilə əlaqələndirərək AfD-nin mövqelərinin güclənməsinin Avropada sülh üçün narahatlıq doğurduğunu vurğulayıb.

Xatırladaq ki, Fransa-Almaniya sərhədində yerləşən Elzas və Mozel əraziləri tarix boyu bir neçə dəfə dövlət mənsubiyyətini dəyişib və İkinci Dünya müharibəsindən sonra tam olaraq Fransanın suverenliyinə keçib. Baş verən son insident Şengen məkanına baxmayaraq, iki ölkə arasında tarixi həssaslığın və milli suverenlik məsələsinin hələ də aktual qaldığını göstərib.