11 oktyabr 2026 14:11
170

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə qadınlar arasında ümumi hesabda birinci yeri tutaraq ultramarafonun qalibi olan Olena Şevçenkoya (Ukrayna), ikinci sırada qərarlaşan Leyla Abdinovaya (Rusiya), üçüncü yeri tutan Natalya Vallekə (Azərbaycan) diplom və medallar təqdim olunub.

Sonra dörd mərhələnin yekun nəticələrinə əsasən, kişilər arasında qalib David Xarazişvili (Gürcüstan), müvafiq olaraq, ikinci və üçüncü yerləri tutan Andrey Eqorov (Litva), və Azərbaycan təmsilçisi Elşad Nəsibov mükafatlandırılıblar.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Həmçinin ümumi qaliblər baş mükafata layiq görülüblər.

Yarışda 6 ölkədən 97 atlet iştirak edib. Ultramarafon dörd mərhələdən ibarət olub: Qəbələ–Ağdaş (52,5 kilometr), Ağdaş–Bərdə (63,5 kilometr), Bərdə–Ağdam (46,8 kilometr) və Ağdam–Xankəndi (29,2 kilometr). Bununla da atletlər dörd gün ərzində ümumilikdə 192 kilometr məsafə qət ediblər.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 kilometrlik məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.