10 oktyabr 2026 11:05
104

Dövlət gənclər siyasətinin siyasi istiqamətdə inkişafı

Müasir dövrdə dövlətlərin davamlı inkişafı yalnız iqtisadi potensial və maddi resurslarla deyil, həm də gənc nəslin intellektual səviyyəsi, ictimai-siyasi fəallığı, dövlətçilik düşüncəsi və qərarların qəbulunda iştirakı ilə müəyyən olunur. Bu baxımdan dövlət gənclər siyasəti cəmiyyətin gələcək inkişafını formalaşdıran mühüm istiqamətlərdən biri olmaqla yanaşı, siyasi institutlarla gənclər arasında əlaqələrin möhkəmləndirilməsində də əhəmiyyətli rol oynayır.

Dövlət gənclər siyasətinin siyasi istiqamətdə inkişafı dedikdə, ilk növbədə, gənclərin ölkənin siyasi və ictimai həyatında iştirak imkanlarının genişləndirilməsi, siyasi maarifləndirmənin gücləndirilməsi, hüquqi biliklərinin artırılması və demokratik iştirak mədəniyyətinin formalaşdırılması nəzərdə tutulur. Bu proses gənclərin yalnız siyasi hadisələri izləyən tərəf kimi deyil, eyni zamanda, cəmiyyətin inkişafına töhfə verən fəal və məsuliyyətli vətəndaşlar kimi yetişməsini əhatə edir. Bu gün yeni kadrların seçilməsi, dövlət institutların irəli çəkilməsi və ya yetişdirilməsi bir növ ideoloji prossesin tərkib hissəsidir.

2026-cı il oktyabrın 2-də Bakıda keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkənin gələcək inkişaf istiqamətləri, siyasi mühit və uzunmüddətli strateji hədəflərlə bağlı məsələlərin müzakirəsi baxımından diqqət çəkib. Prezident çıxışında Azərbaycanın enerji potensialının inkişafı, neft və qaz hasilatının artırılması, nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi və tranzit yük həcminin yüksəldilməsi məsələlərinə toxunub.

Çıxışda səsləndirilən fikirlərdən görünür ki, ölkənin inkişaf strategiyasında uzunmüddətli planlaşdırma, yeni imkanların yaradılması və mövcud potensialdan səmərəli istifadə mühüm yer tutur. Bu yanaşma gənclər siyasəti baxımından da əhəmiyyətlidir. Belə ki, ölkənin iqtisadi və institusional inkişafı gənclərin təhsil, məşğulluq, sahibkarlıq, innovasiya və ictimai iştirak imkanlarına təsir göstərən amillərdəndir. Yeni iş yerlərinin yaradılması, nəqliyyat və digər iqtisadi sahələrin genişlənməsi gənclər üçün yeni peşə istiqamətləri və inkişaf imkanları formalaşdıra bilər.

Bununla yanaşı, iqtisadi inkişafın nəticələrinin gənclər üçün real imkanlara çevrilməsi məqsədilə təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi, müasir bacarıqların inkişafı və gənclərin təşəbbüslərinə dəstək verilməsi vacibdir. Gənclərin ölkənin inkişaf proseslərində fəal iştirakını təmin etmək üçün onların bilik və bacarıqları ilə yanaşı, analitik düşünmə, ünsiyyət, komanda işi və ictimai məsuliyyət kimi keyfiyyətlərinin inkişafına da diqqət yetirilməlidir.

Siyasi istiqamətdə inkişafın mühüm tərəflərindən biri də gənclərin müxtəlif ictimai platformalarda təmsil olunmasıdır. Gənclər təşkilatları, tələbə birlikləri və digər vətəndaş cəmiyyəti institutları gənclərin maraq və təşəbbüslərinin ifadə olunması üçün imkanlar yaradır. Siyasi maarifləndirmə gənclərin müstəqil düşünmə qabiliyyətini, hüquqi savadlılığını və ictimai müzakirələrdə məsuliyyətli iştirakını dəstəkləyir.

Nəticə etibarilə, dövlət gənclər siyasətinin siyasi istiqamətdə inkişafı iqtisadi, sosial və institusional inkişaf prosesləri ilə qarşılıqlı əlaqədə nəzərdən keçirilməlidir. Gənclərin keyfiyyətli təhsil alması, siyasi və hüquqi biliklərinin artırılması, ictimai təşəbbüslərinin dəstəklənməsi və qərarvermə proseslərində iştirak imkanlarının genişləndirilməsi ölkənin gələcək inkişafı baxımından əhəmiyyətlidir.

Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyi olaraq hesab edirik ki, gənclərin potensialının üzə çıxarılması, onların ictimai-siyasi proseslər haqqında məlumatlılığının artırılması və vətəndaş məsuliyyətinin inkişaf etdirilməsi istiqamətində maarifləndirici fəaliyyətlərin davam etdirilməsi vacibdir. Gənclərin dövlətin və cəmiyyətin inkişafında fəal iştirakını təşviq edən təşəbbüslər uzunmüddətli perspektivdə daha bilikli, təşəbbüskar və məsuliyyətli vətəndaşların formalaşmasına xidmət edir.

Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyi