10 oktyabr 2026 11:59
124

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Son illərin epidemioloji mənzərəsini nəzərə alsaq, xəstəliklərin strukturunda yoluxucu xəstəliklərdən qeyri-infeksion xəstəliklərə doğru ciddi keçid müşahidə edirik.

“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev nazirliyin və Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Ümumdünya Ağciyər Sağlamlığı Gününə həsr olunan beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O bildirib ki, qlobal miqyasda orta ömür uzunluğu son illərdə 73-74 il olduğu halda, Azərbaycanda 2025-ci ilin sonuna bu göstərici 77 ili ötüb.

R.Quliyev vurğulayıb ki, ömür uzunluğunun artması ilə yanaşı, əlavə qazanılan illərin nə dərəcədə sağlam yaşandığı da nəzərə alınmalıdır. Onun sözlərinə görə, ömür uzunluğunun artdığı şəraitdə qeyri-infeksion xəstəliklərin dinamikası da yüksəlib.

Şöbə müdiri qeyd edib ki, 2023-cü ilin statistikasına əsasən, dünyada ümumi ölüm hallarının 74 faizi, yəni dörddə üçü qeyri-infeksion xəstəliklərin payına düşüb. 2020-ci ildə isə bu göstərici 58 faiz təşkil edib: “Bu isə ciddi artımın göstəricisidir”.

O bildirib ki, Azərbaycanda da qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır.

“Həmin xəstəliklər sırasında ürək-damar xəstəlikləri, o cümlədən ürəyin işemik xəstəliyi, böyük damar katastrofaları, onkoloji xəstəliklər və tənəffüs sistemi xəstəlikləri xüsusi yer tutur. Qeyri-infeksion xəstəliklərin yükünün artdığı şəraitdə ağciyər xəstəlikləri və ağciyər sağlamlığı xüsusi əhəmiyyət kəsb edir”, - deyə şöbə müdiri əlavə edib.