07 oktyabr 2026 23:37
111

Fransa qiymətləri sabitləşdirmək üçün ehtiyatlardan 10 milyon barel dizel buraxacaq

Fransada ölkə bazarında qiymətləri sabitləşdirmək üçün strateji ehtiyatlardan 10 milyon barel dizel yanacağının buraxılması planlaşdırılır.

“İki sahil” BFMTV-yə istinadən xəbər verir ki, bu planlar barədə Fransanın Baş naziri Sebastyen Lekornyu Matinondakı çıxışında bildirib. Baş nazirin sözlərinə görə, bu qərar Fransanın yanacaqdoldurma məntəqələrində yanacağın qiymətini aşağı salmağa imkan verəcək: "Strateji ehtiyatlardan 10 milyon barel buraxılacaq, bu da yanacaqdoldurma məntəqələrində dizel yanacağının bir litrinin qiymətini 12-18 santim (0,12-0,18 avro - red.) aşağı salmağa imkan verəcək". Lekornyu əlavə edib ki, bu həcm üç ay ərzində bazara çıxarılacaq.

"Yaxın vaxtlarda mən üç ay müddətinə nəzərdə tutulan bu əməliyyata icazə verən fərman imzalayacağam. Dünya bazarlarında qiymətlər dəyişməkdə davam edəcək, lakin bu yolla qiymət artımının təsirini qismən yumşalda biləcəyik. Enerji təhlükəsizliyimizin təmin olunması üçün həcmlərə nəzarət ediləcək, operatorların isə bu ehtiyatları bərpa etmək üçün bir ilə qədər vaxtı olacaq. Bu tədbir bizə digər ölkələrdə qəbul edilən qərarlardan və onların nəticələrindən asılılığı azaltmaq üçün vaxt verir", - baş nazir aydınlıq gətirib.

Daha əvvəl bildirilib ki, G7 ölkələri enerji böhranı ilə mübarizə aparmaq üçün ehtiyatlardan 100 milyon barel neft məhsulu buraxacaq.