07 oktyabr 2026 12:10
112

Zəfərdən Böyük Qayıdışa gedən yolun təqdimatı

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) Qurultayında  çıxışı Azərbaycanın müasir dövlətçilik tarixinin əsas mərhələlərinə nəzər salmaqla yanaşı, qarşıdakı dövr üçün milli təhlükəsizlik və inkişaf prioritetlərini də müəyyənləşdirən mühüm siyasi mesajlarla yadda qaldı. Çıxışda Azərbaycanın keçdiyi yol, ərazi bütövlüyünün və suverenliyinin bərpası, eləcə də bundan sonrakı mərhələdə qarşıda duran əsas vəzifələr bir-biri ilə əlaqəli şəkildə təqdim edildi.

Dövlət başçısının çıxışının əsas xəttini üç istiqamətdə ümumiləşdirmək mümkündür. Birinci istiqamət müasir Azərbaycan dövlətçiliyinin formalaşması və bu prosesdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinin roludur. İkinci istiqamət ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasına aparan tarixi yol və bu Zəfərin beynəlxalq əhəmiyyətidir. Üçüncü istiqamət isə yeni reallıqlar fonunda Azərbaycanın qarşısında dayanan təhlükəsizlik, ideoloji dayanıqlılıq, müstəqil xarici siyasət, iqtisadi-maliyyə sabitliyi, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, sosial siyasət və Böyük Qayıdışın tam reallaşması kimi strateji hədəflərdir.

Zəfərə aparan yolun siyasi təməli

Çıxışda ölkəmizin əldə etdiyi tarixi Zəfər yalnız 44 günlük müharibənin nəticəsi kimi təqdim edilmir. Bu Qələbəyə aparan yolun uzunmüddətli dövlət quruculuğu, iqtisadi müstəqilliyin təmin edilməsi, hərbi potensialın gücləndirilməsi və milli inkişaf strategiyasının ardıcıl həyata keçirilməsi ilə bağlı olduğu vurğulanır. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin siyasi irsi xüsusi əhəmiyyət daşıyır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə xətti zaman keçdikcə müxtəlif taktiki və strateji məqsədlərlə zənginləşsə də, əsas istiqamət dəyişməz qalıb.

Ərazi bütövlüyünün bərpası isə üç mərhələli proses kimi təqdim edilir. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Növbəti mərhələdə Azərbaycanın tam suverenliyinin bərpası üçün hərbi və siyasi zəmin formalaşdırıldı. 2023-cü il sentyabrın 20-də isə ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində mühüm mərhələ başa çatdı. Bu Zəfərin əhəmiyyəti ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə məhdudlaşmır. Qələbənin mürəkkəb geosiyasi şəraitdə, böyük güclərin müqaviməti fonunda əldə olunması ölkəmizin milli maraqlarını qorumaq və qarşıya qoyduğu məqsədlərə çatmaq imkanlarını nümayiş etdirdi.

Güclü dövlət üçün güclü təhlükəsizlik

Yeni mərhələnin əsas prioritetlərindən biri Azərbaycanın təhlükəsizliyinin daha da möhkəmləndirilməsidir. Çıxışdan irəli gələn yanaşmaya görə, tarixdə baş vermiş hadisələrin təkrarlanmaması üçün ölkəmiz hər zaman güclü olmalıdır. Dünyada müharibə risklərinin və geosiyasi qarşıdurmaların artdığı bir vaxtda hərbi potensialın gücləndirilməsi dövlət siyasətinin mühüm istiqaməti olaraq qalır. Bu kontekstdə hərbi və təhlükəsizlik məqsədləri üçün gələn ilin büdcəsində təxminən 9 milyard manat vəsaitin nəzərdə tutulması da xüsusi əhəmiyyət daşıyır. Bu rəqəm təhlükəsizlik məsələsinin dövlət siyasətində hansı çəkidə olduğunu göstərən əsas göstəricilərdən biridir.

Lakin müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi güclə məhdudlaşmır. İnternet, kiberməkan və süni intellektin geniş yayıldığı indiki şəraitdə ideoloji və informasiya təhlükəsizliyi də milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan təhsil və savadlılıq xüsusi əhəmiyyət qazanır. Cəmiyyət nə qədər bilikli və savadlı olarsa onun yalanlara, dezinformasiyalara və müxtəlif manipulyasiyalara uymaq ehtimalı da bir o qədər azalır. Vətən müharibəsinin təcrübəsi də göstərdi ki, xalq vahid ideya ətrafında birləşdikdə qarşıya qoyduğu milli məqsədləri reallaşdırmaq üçün böyük potensiala malik olur.

Müstəqil siyasətin əsas dayağı iqtisadi gücdür

Çıxışın diqqətçəkən istiqamətlərindən biri siyasi müstəqilliklə iqtisadi və maliyyə müstəqilliyi arasında əlaqənin önə çəkilməsidir. Dövlətin xarici təsirlərdən asılılığını azaltması və kritik vəziyyətlərdə öz problemlərini özü həll edə bilməsi üçün güclü iqtisadi baza vacibdir. Azərbaycanın hərbi imkanlarını və digər strateji ehtiyaclarını öz maliyyə imkanları hesabına təmin etməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İqtisadi müstəqillik ölkəyə həm təhlükəsizlik məsələlərini həll etmək, həm də müstəqil qərarlar qəbul etmək üçün geniş imkanlar yaradır.

Dövlətimizin xarici siyasətinin müstəqilliyi də məhz bu güc amillərlə əlaqələndirilir. Müxtəlif güc mərkəzləri ilə münasibətlərin qorunması, eyni zamanda, milli maraqların əsas götürülməsi ölkənin beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha çevik müəyyənləşdirməsinə imkan verir. Azərbaycanın Çin, ABŞ, Rusiya, Ukrayna və Avropa İttifaqı ilə münasibətləri, eləcə də müxtəlif beynəlxalq və regional təşkilatlarda fəal iştirakı bu siyasətin mühüm istiqamətlərindəndir. Belə bir siyasət ölkəyə müxtəlif tərəflərlə əməkdaşlıq etməklə yanaşı, ziddiyyət və qarşıdurma şəraitində olan tərəflər arasında təmas və dialoq platformasına çevrilmək imkanı da yaradır.

İqtisadi göstəricilər yeni imkanların miqyasını göstərir

Ökəmizin qarşısında duran strateji vəzifələrin həyata keçirilməsi üçün iqtisadi sabitlik mühüm baza rolunu oynayır. Bu baxımdan investisiyalar, xarici borc, valyuta ehtiyatları, enerji və nəqliyyat-logistika imkanları xüsusi diqqət çəkir.

Son iki Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ümumi həcmi 20 milyard dollardan çox olan investisiya kontraktlarının imzalanması Azərbaycanın investisiya cəlbediciliyinin göstəricilərindən biridir. Eyni zamanda, İkinci Beynəlxalq İnvestisiya Forumunda dünyanın aparıcı investisiya qurumlarının iştirakı və onların idarəçiliyində olan vəsaitin 30 trilyon dolları keçməsi ölkəmizin beynəlxalq investisiya məkanındakı mövqeyini göstərən mühüm amillərdəndir.

Azərbaycanın xarici borcunun ÜDM-in 5,6 faizini təşkil etməsi və valyuta ehtiyatlarının 90 milyard dollara çatması da iqtisadi dayanıqlılığın əsas göstəricilərindəndir. Burada əsas məsələ yalnız rəqəmlərin böyüklüyü deyil, bu göstəricilərin ölkənin gələcək strateji qərarlarını daha geniş maliyyə imkanları ilə həyata keçirməsinə şərait yaratmasıdır. Üstəlik, bütün böyük xərclərə hərbi məsələlərə, ordu quruculuğuna, sərhədlərin mühafizəsinə, Qarabağın bərpasına və digər istiqamətlərə ayrılan vəsaitlərə baxmayaraq, ölkənin valyuta ehtiyatlarının yüksək səviyyədə qorunması iqtisadi siyasətin dayanıqlılığını göstərir.

Enerji və nəqliyyat imkanları Azərbaycanın strateji əhəmiyyətini artırır

Enerji sahəsi ölkəmizin həm iqtisadi, həm də siyasi əhəmiyyətini artıran əsas istiqamətlərdən biridir. Dünyada enerji təhlükəsizliyi məsələsinin aktuallaşdığı bir dövrdə Azərbaycanın enerji potensialına ehtiyacın artması ölkənin beynəlxalq əhəmiyyətini də yüksəldir.

Dövlətimiz yalnız mövcud enerji ehtiyatlarından istifadə etməklə kifayətlənmir, eyni zamanda, bütün növ enerji mənbələrinin inkişafına diqqət yetirir. Son illərdə yaşıl enerji sahəsində görülən işlər də ölkənin enerji potensialının daha səmərəli və şaxələndirilmiş şəkildə istifadəsinə imkan yaradır. Nəqliyyat-logistika sahəsində isə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəmizə yeni imkanlar qazandırır. Uzun illər ərzində nəqliyyat-tranzit potensialının inkişaf etdirilməsi ölkəmizin regional nəqliyyat sistemində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Vaxtilə 3-4 milyon ton tranzit yükdən danışıldığı halda, hazırda bu göstəricinin 16 milyon tona çatacağı gözlənilir. Qarşıya qoyulan növbəti hədəf isə 30 milyon tondur. Bu rəqəmlər Azərbaycanın nəqliyyat-logistika imkanlarının hansı sürətlə genişləndiyini göstərir.

Böyük Qayıdış yeni mərhələnin ən mühüm nəticələrindən biridir

Ərazi bütövlüyünün bərpasından sonra ölkəmizin qarşısında dayanan əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, işləyir və təhsil alır. Bu rəqəmin qısa müddətdə 100 mini keçəcəyi gözlənilir. Artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması Böyük Qayıdış prosesinin real nəticələrini göstərir. Burada söhbət yalnız dağıdılmış ərazilərin fiziki olaraq bərpasından getmir. Məktəblərin, xəstəxanaların, yolların, kommunikasiyaların və digər infrastrukturun yaradılması həmin ərazilərdə insanların normal və layiqli həyat şəraitinin təmin edilməsini nəzərdə tutur. Beş il ərzində tamamilə dağıdılmış ərazilərdə 5 il ərzində yeni yaşayış məntəqələrinin və müasir infrastrukturun formalaşdırılması görülən işlərin miqyasını göstərir. Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən canlandırılması, insanların doğma torpaqlarına qayıtması Zəfərin ən mühüm nəticələrindən biri kimi qiymətləndirilə bilər.

Qarşıda duran əsas hədəf...

Beləliklə, Prezident İlham Əliyevin Qurultaydakı çıxışı Azərbaycanın bir mərhələdən digərinə keçidinin siyasi-strateji çərçivəsini ortaya qoyur. Əgər əvvəlki mərhələnin əsas məqsədi ərazi bütövlüyünün və suverenliyin bərpası idisə, yeni mərhələdə əsas hədəflər əldə olunmuş Zəfərin nəticələrinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin edilməsi, iqtisadi gücün artırılması, beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsi və Böyük Qayıdışın sürətləndirilməsidir.

Bu mərhələdə hərbi güc qədər iqtisadi və maliyyə dayanıqlılığı, təhsilli və savadlı cəmiyyət, informasiya təhlükəsizliyi, müstəqil xarici siyasət, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə əsas məqsəd əldə olunan tarixi nəticələri qorumaq, ölkənin gücünü daha da artırmaq və bu gücü insanların rifahına, davamlı inkişafa və Böyük Qayıdışın sürətləndirilməsinə yönəltməkdir.

Nigar Orucova, "İki sahil"