07 oktyabr 2026 10:51
149

Zəfərin, dirçəlişin və qardaşlığın təcəssümü: 17 oktyabr - Füzuli Şəhəri Günü

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis olunması tarixi yaddaşımızın bərpası və Zəfər xronikamızın əbədiləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu tarixi sərəncama əsasən, hər il17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi təntənə ilə qeyd olunur. 17 oktyabr – həm 30 illik həsrətə son qoyulan qürur günü, həm də Füzulinin yenidən doğulduğu mühüm bir tarixdir.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan maili düzənlik və alçaq sahələri əhatə edir. Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca dost İran İslam Respublikası ilə həmsərhəd olan bu ərazidən axan Quruçay, Köndələnçay və Çərəkən çayları zəngin su hövzəsini təşkil edir. 1386 km² ərazisi olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Əvvəlcə Qarabulaq adı ilə tanınan yaşayış məskəninin bazasında 1930-cu ildə rayon təşkil edilərək Qaryagin adlandırılmış, 1959-cu ilin aprelində isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illik yubileyi şərəfinə Füzuli rayonu adlandırılmışdır.

Füzuli həm də zəngin tarixi-dini abidələr məskənidir. Babı kəndindəki XIII əsrə aid səkkizguşəli Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəlli kəndindəki XIV əsr Mirəli türbəsi, Əhmədalılar kəndindəki orta əsr qəbiristanlığında yerləşən türbə və XIX əsrə aid Cəlil türbəsi xalqımızın köklü mədəni irsinin bariz nümunələridir.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Birinci Qarabağ müharibəsində füzulilər böyük fədakarlıq göstərmiş, rayon sakinlərinədən 663 nəfər şəhid olmuş, 400 nəfərədək müharibə əlili olmuş, 181 nəfər isə əsir və itkin düşmüşdür. 1994-cü il yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilsə də, şəhər və digər ərazilər uzun illər düşmən tapdağında qaldı.

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Füzuli uğrunda aparılan döyüşlər ən ağır və strateji əhəmiyyətli döyüşlərdən oldu. Düşmən 30 il ərzində təmas xəttində keçilməz hesab edilən möhkəm istehkamlar qurmuşdu. Hətta beynəlxalq hərbi mütəxəssislər Füzulinin azad edilməsi üçün aylarla vaxt lazım gələcəyini proqnozlaşdırırdılar. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu inanılmaz qəhrəmanlıq göstərərək mühüm müdafiə xətlərini yardı. 17 oktyabr 2020-ci il tarixində Füzuli şəhəri ilə yanaşı Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri işğaldan azad edildi. Ümumilikdə Vətən müharibəsi gedişində Füzulinin 62 yaşayış məntəqəsi düşməndən təmizləndi. Ordumuzun şücaəti qarşısında aciz qalan düşmən silahını yerə qoyub qaçmağa məcbur oldu. Dövlətimizin başçısının sərəncamları ilə Füzulinin azad olunmasında xüsusi igidlik göstərmiş 25 325 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

Füzuli işğaldan azad edilmiş rayonlar arasında minalarla ən çox çirkləndirilmiş ərazidir – ilkin hesablamalara görə burada 100 mindən çox mina basdırılıb. Ermənistanın törətdiyi bu vandallıq və hərbi cinayətlərə görə məsuliyyət daşıması üçün dövlətimiz tərəfindən bütün hüquqi və qiymətləndirmə tədbirləri həyata keçirilir. Mina təhlükəsinə baxmayaraq, Prezident İlham Əliyevin tapşırığı ilə rayonda misli görünməmiş bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Nazirlər Kabinetinin 18 mart 2023-cü il tarixli qərarı ilə “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq olunub.

2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı başlanıb və bu proses böyük coşğu ilə davam edir. İllərlə müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan soydaşlarımız öz doğma ocaqlarına qayıdırlar. 2026-cı il oktyabrın 1-nə olan məlumata əsasən, Füzuliyə 827 ailə – 3153 nəfər daimi yaşayış üçün köçürülmüşdür.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzuliyə çoxsaylı səfərləri rayonun sürətli inkişafının əsas təkanverici qüvvəsidir. Dövlət başçısı tərəfindən çoxmənzilli yaşayış məhəllələrinin, “Ağıllı kənd” konsepsiyalı Dövlətyarlı kəndinin, Pirəhmədli, Dədəli, Cuvarlı, Qoçəhmədli, Qarğabazar, Qaraxanbəyli kəndlərinin, Mərkəzi Rayon Xəstəxanasının, Peşə Liseyinin, İdman Kompleksinin, uşaq bağçalarının və inzibati binaların təməli qoyulub. Füzuliyə xarici dövlət və hökumət başçılarının – Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Türkmənistan rəhbərlərinin səfərləri şəhərin beynəlxalq aləmdə artan nüfuzunun və Zəfərimizin qəbul olunmasının aydın təzahürüdür.

Bu gün Füzuli dağıntılardan sürətlə dirçələn, müasir infrastruktura və yüksək həyat standartlarına malik modern bir şəhərə çevrilir. 17 Oktyabr – Füzuli Şəhəri Günü qəhrəman ordumuzun şücaətinin, dövlətimizin qüdrətinin və xalqımızın sarsılmaz birliyinin bayramıdır!

Anar Məmmədov,

Milli Məclisin deputatı