06 oktyabr 2026 00:46
108

Fransada lisey şagirdlərinin etirazları fonunda vəziyyət gərgin olaraq qalır

Fransada lisey şagirdlərinin etirazları fonunda vəziyyət gərgin olaraq qalır. Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 5-də ölkə üzrə 984 nəfər saxlanılıb, hüquq-mühafizə orqanlarının 65 əməkdaşı yaralanıb.

“İki sahil” xəbər verir ki, etirazlar başlayandan bəri ümumilikdə 5060 nəfər polis nəzarətinə götürülüb. Onların 87 faizinin yetkinlik yaşına çatmayanlar olduğu bildirilir. Ümumilikdə 14 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Təhsil naziri Edouard Geffray bildirib ki, bazar ertəsi 589 təhsil müəssisəsində dərslər tam və ya qismən pozulub. Etirazlar başlayandan 190 şagird və təhsil işçisinin yaralandığı qeyd olunub.

Aksiyalar ali təhsil müəssisələrinə də yayılıb. Kreteil akademiyasında 17 kollec blokadalar və nümayişlər səbəbindən bağlı qalıb. Parisdə Sorbonna-Nouvelle Universitetinin bir binası da bloklanıb. Etirazlar zamanı Lans şəhərində 15 yaşlı lisey şagirdinin qumbara partlayışı nəticəsində əli amputasiya edilib. Hadisə ilə bağlı Milli Polis Baş Müfəttişliyi (IGPN) araşdırma aparır. Bu arada, fermerlərin də aksiyalara qoşulması gözlənilir. Kəndlilər Konfederasiyası fermerləri çərşənbə axşamı keçiriləcək nümayişlərə traktorlarla qatılmağa çağırıb. Təşkilatın məlumatına görə, ən azı 10 departament bölməsi bu çağırışı dəstəkləyib.