30 sentyabr 2026 18:19
95

Şəhid Nurlan Rəhimov hörmət və ehtiramla anılıb

Astara elinin qəhrəman oğlu Nurlan Rəhimov tariximizin şanlı səhifəsi olan 44 günlük İkinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı naminə son damla qanına qədər vuruşaraq əbədiyyətə qovuşub.

1981-ci ildə Astara şəhərində anadan olan Nurlan Rəhimov həyatı dərk edən gündən doğma Azərbaycanın hər qarışını özünə əziz bilib. Odur ki, erməni dığaların işğalçılıq siyasəti ilə heç cür barışmayıb. Ordu sıralarına yollanıb, Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirib. Yağıdan alacağı öcə görə əsgərlikdən sonra da hərbidə qalmağı qərar verib. Azərbaycan Ordusunun kisik çavuşu Nurlan Rəhimov Vətən müharibəsi başlananda Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. O, 2020-ci il sentyabrın 30-da Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində yağı gülləsinə tuş gəlib. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və digər medallarla təltif edilib.

Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov və kollecin bir qrup əməkdaşı şəhid Nurlan Rəhimovun anım günü münasibətilə ailəsinə baş çəkiblər.

Çıxışlar zamanı bildirilib ki, torpaq öz qəhrəman oğlanların çiyni üstündə Vətən olur. Məhz elimizin igid oğlu Nurlan Rəhimov da bu müqəddəs yolda öz canından keçib. İndi Azərbaycan xalqı onun adını qürurla çəkir. Qərinələr boyunca da belə olacaqdır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü