Ombudsmanın monitorinq qrupu tərəfindən Bakı şəhəri 17 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq bağçasında monitorinq keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində Ombudsmanın “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə monitorinq qrupu tərəfindən Bakı şəhəri 17 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq bağçasında monitorinq keçirilib.
Uşaq hüquqlarının təmini vəziyyətinin qiymətləndirilməsi məqsədilə həyata keçirilən monitorinq zamanı təlim-tərbiyə prosesinin və uşaqların asudə vaxtının təşkili, onların təhlükəsizliyinin təmin olunması vəziyyəti, sağlamlığının mühafizəsi, qidalanma və müəssisədə yaradılmış şərait araşdırılıb, təhsil müəssisəsinin inzibati otaqlarına baxış keçirilib.
Monitorinq zamanı 17 nömrəli xüsusi təyinatlı körpələr evi-uşaq bağçasında xüsusi təyinatlı qruplarla yanaşı, ümumi təyinatlı qrupların da fəaliyyət göstərdiyi müəyyən olunub, müəssisənin nizamnaməsinin isə mövcud tələblər nəzərə alınmaqla hazırlanması istiqamətində işlərin aparıldığı bildirilib.
Monitorinqin nəticələrinə əsasən, tədris materialları ilə təminatın müəssisənin imkanları hesabına həyata keçirildiyi, habelə uşaqlara tibbi və inkişafyönümlü xidmətlərin göstərilməsi ilə bağlı bəzi ştat vahidlərinin ləğv edildiyi müəyyən olunub.
Qeyd olunmalıdır ki, Ombudsmanın illik məruzələrində “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq bağçalarının nümunəvi ştatı”na (1 №-li əlavə) və “Körpələr evi-uşaq bağçalarının nümunəvi ştatları”na (2 №-li əlavə) “uşaq psixoloqu” ştatının əlavə edilməsi təklif edilib.
Monitorinqin yekununda müəssisə rəhbərliyi ilə müəyyən edilmiş məsələlər üzrə müzakirə aparılıb, uşaqların hüquq və mənafelərinin daha səmərəli təmin edilməsi istiqamətində müvafiq tövsiyələr verilib.
ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anılıb - FOTO