28 sentyabr 2026 11:28
177

Azərbaycan investorlara etibarlı tərəfdaş və perspektivli bazar kimi təqdim olunur

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini şərh etdi. Dövlət başçısının fikrincə, bu gün gələcək planlarından danışmaq imkanı yalnız illər boyu qurulan sabit iqtisadiyyatın, müstəqil maliyyə sisteminin və uğurlu islahatların nəticəsidir. Son iyirmi ildə Azərbaycana 350 milyard dollardan çox investisiya cəlb olunub, bu məbləğin təxminən yarısını birbaşa xarici sərmayələr təşkil edir. Prezident bunu aparıcı beynəlxalq şirkətlərin ölkəni etibarlı tərəfdaş kimi qəbul etməsinin göstəricisi hesab edir və əldə olunan müsbət dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayır.

Çıxışın əsas ideyalarından biri uzunmüddətli və davamlı artımın təmin olunması üçün neft-qaz sektorundan kənar potensialın işə salınmasıdır. Bu baxımdan ilk prioritet kimi bərpaolunan enerji göstərildi. Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavat gücündə enerji potensialı mövcuddur, quruda isə günəş və külək elektrik stansiyaları artıq işləyir. Məqsəd daxili elektrik istehsalında təbii qazdan istifadəni minimuma endirmək və azad olunan qaz ehtiyatlarını ixrac istiqamətinə yönəltməkdir. Prezidentin sözlərinə görə, növbəti beş ildə ölkənin bütün bölgələrində bərpaolunan enerji mənbələri fəaliyyət göstərəcək. Bu istiqamətdə söhbət yalnız istehsaldan deyil, ötürücü xətlərin və enerji saxlanc sistemlərinin inkişafından da gedir. Mövcud xətlər artan tələbatı qarşılamaq üçün yetərli olmadığından hazırda yeni xətlər çəkilir, köhnələri genişləndirilir.

Bu imkanlar rəqəmsal sahə ilə də birbaşa əlaqələndirilir. Əlavə elektrik enerjisi süni intellekt data mərkəzləri üçün daxili tələbatın ödənilməsinə və eyni zamanda ixracına imkan verir. Dövlət başçısı bildirdi ki, dünyanın aparıcı şirkətləri ilə bu mövzuda danışıqlar aktiv mərhələdədir. Regional layihələrdən Xəzərin dibi ilə Özbəkistan və Qazaxıstanı Azərbaycanla, daha sonra isə Avropa ilə birləşdirəcək sualtı elektrik kabeli xüsusi qeyd edildi. Bundan başqa, Azərbaycandan Gürcüstan vasitəsilə Rumıniyaya uzanacaq, gücü 4 giqavat olan Qara dəniz kabeli layihəsi texniki-iqtisadi əsaslandırmadan sonrakı mərhələdədir. Bu layihələr yüksək gəlirli Avropa bazarlarına çıxışı təmin etməklə yanaşı, enerji təhlükəsizliyini və qarşılıqlı asılılığı gücləndirəcək. Prezident həmçinin Azərbaycanın artıq 250 meqavatlıq ehtiyata malik olduğunu, lakin bunun yalnız başlanğıc olduğunu qeyd etdi.

İkinci mühüm hərəkətverici qüvvə kimi logistika, nəqliyyat və əlaqələndirmə göstərildi. Dənizə birbaşa çıxışı olmayan ölkə üçün tranzit mərkəzinə çevrilmək qonşularla sabit münasibətlər olmadan mümkün deyil. Buna görə də Azərbaycan həm fiziki infrastrukturun qurulmasına, həm də investorlar üçün başa düşülən inzibati mühitin formalaşdırılmasına uzun müddət diqqət yetirib. Dəmir yollarına, dəniz limanlarına, hava yükdaşımalarına və avtomobil yollarına ciddi vəsait qoyulub. Dəmir yollarının 60 faizi elektrikləşdirilib, ölkənin bütün qonşularla və daxili əlaqələr üzrə dəmir yolu bağlantısı mövcuddur. Dövlət başçısına görə, ənənəvi təchizat zəncirlərinin risklərlə üzləşdiyi indiki geosiyasi şəraitdə bu hazırlıq əlavə üstünlük yaradır. Azərbaycan həm Şərq–Qərb, həm də Şimal–Cənub dəhlizlərində fəal iştirak edən az sayda ölkədən biridir. Tranzit yüklərin həcmi sürətlə artır və bu il 16 milyon tona çatacaq. 2030-cu ilədək hər iki istiqamətdə daşımaların 25 milyon tona, imkan olarsa daha yüksək səviyyəyə çatdırılması hədəflənir. Prezident bildirdi ki, yalnız körpü, yanalma qurğusu və gəmi tikmək kifayət deyil, rəqəmsallaşma və gömrük idarəçiliyində müasir tendensiyalara uyğunlaşmayan ölkə rəqabətdə geri qalır. Azərbaycanın 2025-ci ilin noyabrından Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvü olması da coğrafi baxımdan Qafqazda yerləşən ölkənin siyasi, iqtisadi və nəqliyyat baxımından Mərkəzi Asiya məkanına inteqrasiyasının göstəricisi kimi qiymətləndirildi.

Şaxələndirmə siyasətinə baxmayaraq, neft və qaz iqtisadiyyatda aparıcı rolunu saxlayacaq. Forum çərçivəsində iki mühüm sazişin imzalanması nəzərdə tutulurdu. Bunlardan biri qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi üzrə “Exxon” şirkəti ilə bağlanan müqavilədir. Kəşfiyyat uğurlu olarsa, bu, ölkədə yeni neft-qaz yüksəlişinə səbəb ola bilər. İkincisi, Abşeron yatağının ikinci mərhələsi üzrə “Total” şirkəti ilə razılaşmadır, bunun nəticəsində üç-dörd il ərzində qaz hasilatı əlavə 5 milyard kubmetr artacaq. Mədənçilik sahəsində isə bir neçə gün əvvəl dörd illik dövlət proqramı qəbul olunub. Prezident neft-qazdan gələn gəlirlərin yenidən iqtisadiyyata investisiya kimi yönəldiləcəyini vurğuladı. Ərzaq təhlükəsizliyi də prioritetlər sırasındadır. Quraqlıq, su qıtlığı, dizel yanacağı çatışmazlığı və təchizat problemləri fonunda idxaldan asılılığı azaltmaq üçün may ayında dövlət proqramı qəbul edilib, kənd təsərrüfatı isə yerli və xarici investorlar üçün cəlbedici sahə kimi təqdim olunub.

Investorlar üçün ən əsas amillərdən biri kimi siyasi və iqtisadi sabitlik göstərildi. Prezident 1990-cı illərin əvvəllərini xatırladaraq bildirdi ki, o dövrdə ölkə işğal, qaçqın və məcburi köçkün böhranı, vətəndaş qarşıdurması və iqtisadi xaosla üz-üzə idi. Bu gün isə maliyyə sistemi güclüdür. Dövlət borcu ÜDM-in təxminən 20 faizini təşkil edir, xarici borc isə cəmi 5,6 faizdir və valyuta ehtiyatları onu təxminən 20 dəfə üstələyir. Manatın dollara qarşı məzənnəsi 2017-ci ilin aprelindən dəyişməyib və güclü ticarət balansı bunun davam edəcəyinə əsas verir. Otuz il əvvəl imzalanmış neft-qaz müqavilələrinin şərtlərinə toxunulmaması Azərbaycanın etibarlı tərəfdaş imicinin təməli kimi göstərildi. Təhlükəsizlik, proqnozlaşdırıla bilən vergi sistemi, doqquz iqlim qurşağı, mətbəx, beynəlxalq idman tədbirləri kimi amillər də ölkənin üstünlükləri sırasında sadalandı.

Çıxışın sonunda insan kapitalına xüsusi yer ayrıldı. Peşəkar və ixtisaslı kadrlar olmadan qoyulan məqsədlərə nail olmaq mümkün deyil. Bu baxımdan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti, təhsil sahəsində görülən işlər və 2003-cü ildə qəbul edilən gənclərin xaricdə təhsili üzrə dövlət proqramı vurğulandı. Minlərlə gənc xaricdə təhsil alıb və onların böyük əksəriyyəti geri dönüb. Neft-qaz sənayesi bu baxımdan uğurlu nümunə kimi göstərildi: 1994-cü ildə şirkətlərdə əcnəbilərin payı 90 faizdən çox olduğu halda, indi təxminən 5 faizdir. Prezidentə görə, iqtisadiyyatın 70 faizindən çoxunu qeyri-neft sektoru təşkil etsə də, ixracın hələ də 90 faizdən çoxu neft və qazın payına düşür, bu göstərici yaxşılaşdırılmalıdır.

Bütövlükdə çıxış Azərbaycanın özünü təkcə enerji ixracatçısı kimi deyil, enerji, nəqliyyat, rəqəmsal infrastruktur və qabaqcıl kadr potensialını birləşdirən regional mərkəz kimi təqdim etdiyini göstərir. Dövlət başçısı investorlara ölkəni yerində görməyi və qərarı öz təəssüratları əsasında verməyi tövsiyə etdi, tərəfdaşlardan isə uzunmüddətli investor kimi gəlmələri üçün nələrin edilməli olduğunu bildirmələrini xahiş etdi.

Elvin Əlizadə,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi