28 sentyabr 2026 11:11
120

Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib

“Bir damla qan, min ümidə can” devizi ilə təşkil olunan qanvermə aksiyasında 800-dən çox şəxs iştirak edib.

“İki sahil” xəbər verir ki, 27 sentyabr - Anım Günü ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublika Qan Bankı, “Marsol Group” və “Məlhəm Beynəlxalq Hospital”ın tərəfdaşlığı ilə könüllü qanvermə aksiyası keçirilib.

“Bir damla qan, min ümidə can” devizi ilə təşkil olunmuş aksiya 23-25 sentyabr tarixlərində Bakı şəhəri üzrə “Bakı KOB evi”, Respublika Qan Bankı və “Məlhəm Beynəlxalq Hospital”ında, eləcə də Lənkəran, Şəki və Quba rayonlarında keçirilib. Tədbirə qoşulan sahibkarlar və şirkət əməkdaşları, o cümlədən KOBİA, İCMA və “Marsol Group”un nümayəndələri qan veriblər.

Artıq üçüncü dəfədir ki, keçirilən aksiyada Bakı şəhəri və regionlar daxil olmaqla 800-dən çox şəxs iştirak edib. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaqdır.