Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Ağıllı iqtisadiyyatlar: süni intellekt, innovasiya və rəqəmsal transformasiya” mövzusunda panel sessiya keçirilib.
“İki sahil” xəbər verir ki, Panel sessiyada rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov açılış nitqi ilə çıxış edərək süni intellekt texnologiyalarının geniş tətbiqinin və innovativ transformasiyanın təşviqinin məhsuldarlığın artırılması, biznes proseslərinin transformasiyasında rolunu vurğulayıb. Rəqəmsal infrastrukturun, innovasiya ekosistemlərinin inkişafının, eləcə də dövlət, biznes və cəmiyyət üzrə rəqəmsal transformasiyanın sistemli şəkildə genişləndirilməsinin ağıllı iqtisadiyyatın formalaşması baxımından əhəmiyyətini qeyd edib.
İtaliyanın “The European House-Ambrosetti & TEHA Group” şirkətinin tərəfdaşı və “InnoTech Hub”ın rəhbəri Korrado Panzerinin moderatorluğu ilə keçirilən panel sessiyada Türkiyənin sənaye və texnologiya nazirinin müavini Muhammet Kasım Gönüllü, ABŞ-nin “HPE” şirkətinin MDB və Cənub-Şərqi Avropa üzrə idarəedici direktoru Dana Altybay, ABŞ-nin “Oracle” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə texnologiya mühəndisliyi üzrə baş vitse-prezidenti Ceyson Ris, ABŞ-nin “Arthur D. Little” şirkətinin funksional istiqamətlər üzrə qlobal rəhbəri Kərim Taqa, “McKinsey & Company” şirkətinin Sürix ofisinin baş tərəfdaşı və şirkətin Avropa üzrə sərvət və aktivlərin idarə edilməsi bölməsinin rəhbəri Feliks Venger, Polşanın “Asseco Poland” şirkətinin süni intellekt departamentinin direktoru Estera Haas-Abqaroviç və Dünya İqtisadi Forumunun (WEF) investisiya və ticarət siyasəti üzrə rəhbəri Kalid Alaamer iştirak ediblər.
Müzakirələr zamanı süni intellektin iqtisadiyyatın və biznesin transformasiyasına təsiri, məhsuldarlığın yüksəldilməsi və rəqabətqabiliyyətliliyinin gücləndirilməsində yaratdığı imkanlar nəzərdən keçirilib. Həmçinin, süni intellektin sənaye və istehsal, ticarət, maliyyə, enerji və digər sahələrdə tətbiq imkanları, əlavə dəyərin yaradılması və yeni inkişaf istiqamətlərinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Texnologiya şirkətləri, startaplar və dövlət qurumları arasında əməkdaşlığı təşviq edən innovasiya ekosistemlərinin formalaşdırılması ilə bağlı müzakirələr aparılıb.