24 sentyabr 2026 12:06
117

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

 

Milli Aviasiya Akademiyasında ABŞ-ın aviasiya təhsili sahəsində ixtisaslaşmış ali təhsil müəssisələrindən biri olan Spartan Aeronavtika və Texnologiya Məktəbinin fəaliyyətə başlamasına həsr olunan açılış mərasimi keçirilib.

Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mircəlal oğlu Paşayev, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Hava Yolları QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev, ABŞ-ın Spartan Aeronavtika və Texnologiya Kollecinin və Spartan Education Group-un nümayəndələri iştirak ediblər.

Akademik Arif Paşayev çıxışında müasir aviasiyanın yalnız yüksəkixtisaslı kadr hazırlığı deyil, eyni zamanda elmi-tədqiqatların, yeni texnologiyaların və praktiki tətbiqlərin vəhdəti əsasında inkişaf etdirilməsinin vacibliyindən danışıb. O, qeyd edib ki, aviasiya təhsilinin elmi potensialla dəstəklənməsi və beynəlxalq təcrübə ilə zənginləşdirilməsi Azərbaycan aviasiyasının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Azərbaycanın nəqliyyat infrastrukturunun, o cümlədən hava nəqliyyatı sektorunun inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialının Azərbaycanda fəaliyyətə başlamasını ölkənin aviasiya təhsili və insan kapitalının inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirib.

Azərbaycan Hava Yolları QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev Akademiyada uçuş hazırlığının təşkili, praktiki təlim imkanları və müasir aviasiya mütəxəssislərinin hazırlanması üçün yaradılan şəraitdən danışıb. O, MAA-da yeni fəaliyyətə başlayan Beynəlxalq Təlim Mərkəzinin bu prosesdə mühüm rolunu vurğulayıb. Spartan Azərbaycan Aviasiya Məktəbinin fəaliyyətə başlamasını da bu istiqamətdə növbəti mühüm addım kimi dəyərləndirib.

Azərbaycanda ilk FAA A&P lisenziya proqramının təşəbbüskarı və dəstəkçisi, ALG şirkətinin təsisçisi Fərhad Azima isə bildirib ki, Spartan Azərbaycan Aviasiya Məktəbinin fəaliyyətə başlaması Azərbaycan aviasiya təhsilində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni nəsil aviasiya mütəxəssislərinin hazırlanmasında mühüm rol oynayacaq.

Tədbirdə çıxış edən Spartan Education Group-un Baş İcraçı Direktoru Robert Polston, Strategiya və Biznesin İnkişafı üzrə İcraçı Vitse-Prezidenti Daniel Bregman və Direktorlar Şurasının üzvü, kapitan David Bourne ABŞ-ın aviasiya təhsili sahəsində təcrübəsi, beynəlxalq əməkdaşlığın əhəmiyyəti və yeni layihənin perspektivləri barədə fikirlərini bölüşüblər.

ADA Universitetinin prorektoru Vəfa Kazdal da çıxış edərək təhsil tərəfdaşlığının əhəmiyyətini vurğulayıb.

Spartan Aeronavtika və Texnologiya Məktəbinin Azərbaycanda fəaliyyətə başlaması münasibətilə tərəflər arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Qeyd edək ki, 63 tələbənin təhsil alacağı yeni məktəbdə tədrisin təşkilinə artıq başlanılıb. İyunun 1-dən tələbələr üçün ingilis dili kursları keçirilir. Tədris prosesinə isə noyabrın 16-dan start veriləcək.

Sonda xatirə fotosu çəkdirilib.