Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin son dövrlərdə uğurlu fəaliyyəti, tələbələrin elmi-texniki layihələrə və innovativ təşəbbüslərə artan marağı, eləcə də Mərkəzin fəaliyyətinin əhatə dairəsinin genişlənməsi onun işinin daha sistemli və yeni struktur əsasında təşkilini zəruri edib.
Bu məqsədlə tələbələrin elmi-texniki yaradıcılıq fəaliyyətinin genişləndirilməsi, innovativ düşüncə və praktiki bacarıqlarının inkişaf etdirilməsi, müasir texnologiyalara yiyələnmələrinin təşviqi, eləcə də tələbə təşəbbüslərinin daha səmərəli dəstəklənməsi məqsədilə Mərkəzin nəzdində fəaliyyət göstərən mövcud dərnəklərin istiqamətləri əsasında Rəqəmsal texnologiyalar və proqram təminatı, Mühəndislik və robototexnika, İnkişaf, innovasiyalar və idarəetmə sektorları yaradılacaq.
Bununla bağlı BDU Elmi Şurasının iclasında qərar qəbul olunub.
Mövcud dərnəklərin sektorlar formasında yenidən təşkili Mərkəzin indiyədək formalaşdırdığı uğurlu fəaliyyət təcrübəsinin daha geniş və institusional müstəviyə keçirilməsinə imkan verəcək. Yeni struktur ayrı-ayrı istiqamətlər üzrə fəaliyyətin daha məqsədyönlü planlaşdırılmasına, layihələrin koordinasiyasının gücləndirilməsinə və daha çox tələbənin elmi-texniki yaradıcılıq prosesinə cəlb olunmasına şərait yaradacaq.
Yeni sektorların yaradılması tələbələrin rəqəmsal texnologiyalar, proqram təminatı, mühəndislik, robototexnika sahələri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsinə, elmi-texniki layihələrdə və innovativ təşəbbüslərdə iştirakının genişləndirilməsinə xidmət edəcək.
Mərkəzin fəaliyyətinin genişləndirilməsi onun əldə etdiyi uğurların məntiqi davamı olmaqla yanaşı, tələbələrin elmi, texnoloji və yaradıcı potensialının daha səmərəli reallaşdırılması üçün yeni imkanlar yaradacaq.