19 sentyabr 2026 14:54
122

“Qadın Sahibkarlar Forumu – Naxçıvan 2026” keçirilib

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Naxçıvan Muxtar Respublikası üzrə regional koordinatorluğu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə tərəfdaşlığı ilə “Qadın Sahibkarlar Forumu – Naxçıvan 2026” keçirilib.

“İki sahil” xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən tədbirdə əvvəlcə qonaqlar muxtar respublikadan olan sahibkar və 25 istedadlı qadının əl işləri və istehsal etdikləri məhsulların təqdim olunduğu sərgi-satışla tanış olublar.

Forumda Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin əsas istiqamətlərindən biri ölkədə dayanıqlı iqtisadi artımın təmin edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və özəl sektorun inkişafı üçün əlverişli mühitin daha da təkmilləşdirilməsidir. Bu siyasət Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Sahibkar-dövlət münasibətlərinin daha da inkişaf etdirilməsi, sahibkarların maliyyə və digər resurslara çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm tədbirlər görülür.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva qeyd edib ki, qadın sahibkarlığını yalnız biznes fəaliyyəti kimi deyil, həm də sosial, mədəni və strateji inkişafın mühüm tərkib hissəsi kimi görülür: “Bu gün Naxçıvanda keçirilən forumun əhəmiyyəti də məhz bundadır: qadın sahibkarların təcrübəsini, ehtiyaclarını və ideyalarını bir araya gətirmək, onların inkişafına mane olan məsələləri açıq müzakirə etmək və əməkdaşlıq üçün yeni yollar müəyyənləşdirmək. Bu müzakirələr yeni əlaqələrin, birgə təşəbbüslərin və konkret fəaliyyətlərin başlanğıcına çevriləcək”.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında qadınlara göstərilən hərtərəfli qayğı onların müxtəlif sahələrdə uğurla fəaliyyət göstərməsinə, özünüməşğulluq imkanlarının genişlənməsinə və sahibkarlıq fəaliyyətinə daha fəal qoşulmasına zəmin yaradır. “Bu gün qadınlarımız cəmiyyətin müxtəlif sahələrində kişilərlə bərabər uğurla fəaliyyət göstərir, dövlətimizin inkişafına mühüm töhfələr verirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri çərçivəsində qadınların dayanıqlı inkişafı, xüsusilə də kənd yerlərində yaşayan qadınların özünüməşğulluğunun təmin olunması, onların iqtisadi fəallığının artırılması və gəlir əldə etmək imkanlarının genişləndirilməsi istiqamətində bilik və bacarıqlarının artırılması məqsədilə daim dəstək göstərilir”, - deyə o əlavə edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov qeyd edib ki, son illər Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan əlverişli biznes mühiti və dövlət dəstəyi mexanizmləri qadın sahibkarların da qarşısında yeni imkanlar açır. Qadın sahibkarın biznesə başlaması qədər, onun dayanıqlığı və böyüməsi də vacibdir. Bu mərhələdə maliyyə resurslarına çıxış, güzəştli maliyyələşmə, müasir biznes bilikləri, rəqəmsal texnologiyalar, marketinq, peşəkar idarəetmə, ixrac imkanları və yeni bazarlara çıxış xüsusi əhəmiyyət daşıyır. Naxçıvan Sahibkarlar Konfederasiyası qadın sahibkarların yanında olmağa, onların təşəbbüslərinin dəstəklənməsinə, dövlət-biznes dialoqunun gücləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına öz töhfəsini verməyə çalışır.

Forum çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sahibkarlığın inkişafına verdikləri töhfəyə və səmərəli fəaliyyətlərinə görə qadın sahibkarlara plaketlər və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən isə muxtar respublikada fəaliyyət göstərən tərəfdaş təşkilata təşəkkürnamə verilib.

Forum “Qadın sahibkarlığının inkişafında dövlət dəstəyi və yeni imkanlar” və “İnnovasiya və dayanıqlı inkişaf: Aqrobiznes və rəqəmsal sahibkarlıqda gənclərin rolu” mövzularında panel müzakirələri ilə davam etdirilib.

Tədbirin bədii hissəsində musiqi nömrələri təqdim olunub. Sonra müxtəlif mövzularda görüşlər və təlimlər təşkil edilib.