18 sentyabr 2026 21:22
102

YAP Azərbaycanın davamlı inkişafının təmin edilməsində mühüm rol oynayır

Sentyabr ayının 18-də Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının XI konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, rayon təşkilatı ötən dövr ərzində ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar tarixlərlə bağlı fəaliyyətini ardıcıl şəkildə davam etdirmişdir. Ərazi partiya təşkilatları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi, üzvlərin ictimai-siyasi fəallığının artırılması, həmçinin gənclərin və qadınların partiya fəaliyyətində iştirakının genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov deyib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi və müasir infrastrukturun formalaşdırılması istiqamətindəki məqsədyönlü siyasət bu gün Ağsu rayonunda da uğurla həyata keçirilir. Bu siyasətin nəticəsi olaraq rayonda son illər ərzində mühüm sosial-iqtisadi, abadlıq və quruculuq layihələri həyata keçirilmiş, yol və infrastruktur yenilənmiş, yaşayış məntəqələrində insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanın son illərdə əldə etdiyi tarixi əhəmiyyətli nailiyyətlərdən bəhs edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qlobal arenada dövlətimizin mövqeyi daha da güclənib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.

Sonra Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov, partiya veteranı Əli Hüseynov və Təhsil işçiləri ərazi partiya təşkilatının sədr müavini Günay İnayətova çıxış ediblər.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Xaqani Tağıyev çıxışında Yeni Azərbaycan Partiyasının ictimai-siyasi proseslərdə fəal mövqeyi ilə seçildiyini deyib. O, qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında yerli təşkilatların fəaliyyətinə xüsusi diqqət çəkib.

Konfransda YAP Ağsu rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.