Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə 41 növ bitki və bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür.
“İki sahil” xəbər verir ki, buraya tarla və texniki bitkilər, bostan bitkiləri və tərəvəzlər, eləcə də meyvə bağları aiddir. Aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısında günəbaxan da var.
Günəbaxan – yerli bitki yağları sənayesinin əsas xammal mənbələrindən biri olmaqla, yüksək maya dəyəri və iqlim risklərinə həssaslığı ilə seçilir. Qeyd edək ki, Azərbaycanın müxtəlif ərazilərində 13 min hektardan artıq ərazidə günəbaxan bitkisi əkilir.
Əkin sahələrinin böyük hissəsi iqlim risklərinin yüksək olduğu Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ regionlarındadır. Bu da həmin sahədə fəaliyyət göstərən fermerlər üçün əhəmiyyətli maliyyə riski yaradır. Bu risklərin sığorta ilə qorunması həm yerli istehsalın davamlılığını, həm də idxaldan asılılığın azaldılmasını dəstəkləyir.
Aqrar Subsidiya Şurasının qərarı ilə günəbaxan bitkisi sığorta tələbi olan bitkilər sırasına əlavə edilib. Bu o deməkdir ki, sahəsi 7 hektardan artıq olan günəbaxan sahəsi üzrə əkin subsidiyası alınması üçün həmin əkin sahəsi sığortalanmalıdır.
Aqrar sığorta mexanizmində sığorta haqqının 50%-i dövlət tərəfindən qarşılandığına görə, fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığortalaya bilirlər. Bu qayda günəbaxan bitkisinə də aiddir. Məsələn, 1000 manatlıq günəbaxan məhsulunu sığortalamaq fermerə Mərkəzi Aran və Salyan-Şirvan regionlarında cəmi 6,8 manata, Lənkəran-Astara regionunda 7,05 manata, Dağlıq Şirvan regionunda 8,3 manata başa gəlir. Ölkədə iqlim risklərinin ən yüksək olduğu Qarabağ, Gəncə-Daşkəsən və Qazax-Tovuz regionlarında isə 1000 manatlıq günəbaxan məhsulunu sığortalamaq üçün fermer cəmi 12,15 manat ödəniş etməlidir.
Bu ödəniş müqabilində aqrar sığorta mexanizmi günəbaxan sahələrini təbiət hadisələrindən – dolu, fırtına, qasırğa, sel-subasma, yanğın, vəhşi heyvan hücumu, üçüncü şəxslərin hərəkətləri və sair hallardan sığortalayır.
Aqrar Sığorta Fondu günəbaxan bitkisinin əkini ilə məşğul olan fermerlərə ödənişlərə başlayıb. Bu günədək günəbaxan əkinlərinə dəymiş zərərlər üzrə 235 min manat ödəniş həyata keçirilib.
Günəbaxan üzrə aqrar sığorta ödənişləri Ağsu, Hacıqabul və Samux rayonlarında həyata keçirilib. Hələlik bu sahələrə əsas zərərlər sel-subasma nəticəsində dəyib.
Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini qarşıdan gələn payızlıq əkinlər dövründə əkinlərini qorumağa və dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.
Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub
Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb