17 sentyabr 2026 12:10
100

ARDNF və “Brookfield” yeni investisiya imkanlarını araşdırır

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov Kanadaya işgüzar səfər edib. 

Fonddan "İki sahil"ə bildirilib ki, səfər çərçivəsində o, sentyabrın 14-15-də Toronto şəhərində keçirilən “Kanada İnvestisiya Sammiti 2026”da iştirak edib və aparıcı institusional investorların rəhbərləri ilə bir sıra görüşlər keçirib.

Kanadanın Baş naziri Mark Karninin ev sahibliyi, “Canada Pension Plan Investment Board” (“CPP Investments”) və “Public Sector Pension Investment Board” (“PSP Investments”) kimi qurumların tərəfdaşlığı ilə təşkil olunan Sammit qlobal investorları, Kanada şirkətlərinin rəhbərlərini və dövlət sektorunun nümayəndələrini bir araya gətirib. Tədbirdə uzunmüddətli kapitalın səfərbər edilməsi, yeni investisiya imkanlarının təşviqi, məhsuldar aktivlərə investisiyaların artırılması, eləcə də iqtisadi artım və dayanıqlılığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində İsrafil Məmmədov Kanadanın aparıcı institusional investorlarının rəhbərləri – “Canada Development Investment Corporation”ın (CDEV) Prezidenti və baş icraçı direktoru Elizabet Ueydeman, “CPP Investments”in Prezidenti və baş icraçı direktoru Con Qrem, “PSP Investments”in baş investisiya direktoru Patrik Şarbonno, eləcə də Kanada İnkişaf Fondunun Prezidenti və baş icraçı direktoru Yannik Boduen ilə görüşlər keçirib. Görüşlərdə Kanadanın investisiya mühiti, qlobal bazarlarda formalaşan yeni investisiya istiqamətləri, dövlət və özəl kapitalın strateji layihələrə cəlb edilməsi, eləcə də enerji keçidi və infrastruktur sahələrində investisiya perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İşgüzar səfər zamanı dövlət rəsmiləri ilə də bir sıra görüşlər keçirilib. Ontario əyalətinin Baş naziri Duq Ford və Ontario əyalətinin maliyyə naziri Piter Betlenfalvi ilə görüşlərdə regionun investisiya mühiti, prioritet iqtisadi sahələr və beynəlxalq investorlar üçün mövcud imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

İndoneziyanın İqtisadi Məsələlər üzrə Əlaqələndirici naziri Airlanqqa Hartarto ilə görüşdə isə iki ölkə arasında iqtisadi və investisiya əlaqələrinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

İsrafil Məmmədov, həmçinin, “Brookfield” şirkətinin Direktorlar Şurasının sədri və “Toronto-Dominion Bank”ın sədr müavini Frenk MakKenna, eləcə də “Brookfield”in baş icraçı direktoru Brüs Flətt ilə görüşüb. Görüşlərdə qlobal özəl bazarlarda mövcud investisiya mühiti, real aktivlərə kapital qoyuluşu, xüsusilə infrastruktur və enerji sahələrində uzunmüddətli investisiya imkanları müzakirə olunub. Bununla yanaşı, tərəflər rəqəmsallaşma və artan enerji tələbatının qlobal investisiya bazarlarına təsiri, eləcə də ARDNF ilə “Brookfield” arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi və yeni birgə investisiya imkanlarının araşdırılması ətrafında fikir mübadiləsi aparıblar.

Yaponiya Dövlət Pensiya İnvestisiya Fondu (GPIF) və Malayziyanın İşçilərin Təminat Fondu (EPF/KWSP) ilə keçirilən görüşlərdə qlobal maliyyə bazarlarının perspektivləri, portfelin şaxələndirilməsi, eləcə də iri institusional investorların investisiya strategiyalarına dair yanaşmaları ətrafında fikir mübadiləsi aparılıb.