17 sentyabr 2026 11:12
82

Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Sentyabrın 16-da Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova İslam İnkişaf Bankı Qrupunun ölkə üzrə əməliyyatlar meneceri, missiya rəhbəri Muhammad Sulaimanın rəhbərlik etdiyi qiymətləndirmə missiyasının nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan Respublikası üçün Üzv Ölkə Tərəfdaşlıq Strategiyası üzrə təklif olunan strateji istiqamətlər və prioritetlər, ilkin missiya çərçivəsində müəyyən edilmiş məsələlər, kənd təsərrüfatı sahəsində mümkün əməkdaşlıq və potensial layihələr portfeli müzakirə edilib və növbəti əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

İlhamə Qədimova İslam İnkişaf Bankının Azərbaycanla uzunmüddətli tərəfdaşlığını yüksək qiymətləndirib. Mövcud əməkdaşlığın yeni layihələr və təşəbbüslərlə daha da genişləndirilməsi üçün bu missiyanın əhəmiyyətini vurğulayıb. Nazir müavini əməkdaşlığın uğurlu nümunələrindən biri kimi Aqrar Kredit və İnkişaf Agentliyinin koordinasiyası ilə Ağdaş, Yevlax, Şəki və Oğuz rayonlarında həyata keçirilən Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsini qeyd edib. Bildirib ki, layihə kənd yerlərində gəlirlərin artırılması, kənd təsərrüfatı infrastrukturunun inkişafı, eləcə də suvarma və drenaj xidmətlərinin təkmilləşdirilməsinə töhfə verib.

Nazir müavini “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın aqrar sektorun qarşıdakı illərdə inkişaf prioritetlərini və əsas hədəflərini müəyyən etdiyini diqqətə çatdırıb.

İlhamə Qədimova İslam İnkişaf Bankı ilə iqlimə davamlı kənd təsərrüfatı, müasir suvarma və su ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatının maliyyələşdirilməsi və risklərin idarə olunması, rəqəmsal kənd təsərrüfatı və süni intellekt, dəyər zəncirlərinin inkişafı, emal və soyuq zəncir infrastrukturu, heyvandarlıq, balıqçılıq və akvakultura, eləcə də aqrar tədqiqat, təhsil və digər istiqamətlərdə əməkdaşlıq üçün böyük potensial olduğunu bildirib. Qeyd olunan istiqamətlər üzrə maliyyə və texniki dəstək, texnologiya və bilik imkanlarının səfərbər edilməsinə, fermerlər və kənd icmaları üçün real və ölçülə bilən nəticələr yaradacaq layihələrin hazırlanmasına maraq göstərdiklərini diqqətə çatdırıb.

İslam İnkişaf Bankı Qrupunun ölkə üzrə əməliyyatlar meneceri, missiya rəhbəri Muhammad Sulaiman Azərbaycanın kənd təsərrüfatı sahəsində süni intellekt tətbiqlərini yüksək qiymətləndirdiyini bildirib. Azərbaycanın kənd təsərrüfatında tətbiq etdiyi innovativ yanaşmaların digər üzv ölkələrdə tətbiqinin əhəmiyyəti barədə danışıb. O, həmçinin əməkdaşlıq çərçivəsində yeni layihələrin hazırlanmasını təklif edib. Muhammad Sulaiman həyata keçirilən mövcud layihələrin kənd təsərrüfatı infrastrukturunun inkişafına, gəlirlərin artmasına və digər sahələrin təkmilləşdirilməsinə töhfə verdiyini vurğulayıb.

Tərəflər əməkdaşlığın növbəti istiqamətləri və potensial layihələrin dəqiqləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.