16 sentyabr 2026 21:47
65

Rostropoviçlər ocağında Musiqi Günü

Üzeyir Hacıbəylinin doğum günü - sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günüdür. Üzeyir Hacıbəylinin adı L. və M. Rostropoviçlərin ev-muzeyi üçün xüsusilə doğmadır. Məhz onun dəvəti ilə 1925-ci ildə istedadlı musiqiçi Leopold Rostropoviç ailəsi ilə birlikdə Bakıya köçüb. Azərbaycan Dövlət Konservatoriyasında violonçel sinfində dərs deməyə başlayan Leopold Rostropoviç Üzeyir Hacıbəyli ilə dostluq və yaradıcılıq əlaqələri qurub, onun təklifi ilə konservatoriyanın nəzdində ilk simli kvartetlərdən birini yaradıb.

“İki sahil” xəbər verir ki, Ev-muzeyindən bildirilib ki, Üzeyir Hacıbəyli ilə Leopold Rostropoviç arasındakı dostluq və yaradıcılıq əlaqələrini əks etdirən məktublar, fotoşəkillər və müxtəlif sənədlər muzeyin qiymətli materialları sırasındadır. Üzeyir Hacıbəyli irsi Mstislav Rostropoviç üçün də xüsusi əhəmiyyət daşıyıb. Maestro bəstəkarın “Koroğlu” operasının üvertürasına iki dəfə müraciət edib: 2004-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının açılışı münasibətilə və 2005-ci ildə Üzeyir Hacıbəylinin 120 illik yubileyi çərçivəsində keçirilən “Üzeyir günü”ndə Bakıda bu əsərə dirijorluq edib.

Bu zəngin musiqi irsini yaşatmaq ənənəsinə sadiq qalaraq, L. və M. Rostropoviçlərin ev-muzeyində Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümünə həsr olunmuş “İki irs, bir səda: Rostropoviçlər ocağında Musiqi Günü” adlı tədbir keçirilib.

Tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Arşın mal alan” əsərlərindən parçalar, həmçinin “Sevgili canan”, “Sənsiz”, “Cəngi” və digər sevilən əsərlər səsləndirilib. Tədbirin maraqlı məqamlarından biri Üzeyir Hacıbəylinin çıxış etdiyi videolentinin təqdimatı olub. Tədbirin sonunda muzey rəhbərliyi tərəfindən ifalarına görə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinə təşəkkürnamələr təqdim olunub.