16 sentyabr 2026 20:50
113

Şahbuzda aqrar sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları problemlərlə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında icra hakimiyyətinin, Prezident Administrasiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxslərinin, icra hakimiyyətində yaradılmış rayon qərargahının üzvlərinin, həmçinin zona müşavirəsində təşəbbüsləri səsləndirilmiş sahibkarların iştirakı ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüş zamanı Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin Şahbuz rayonunda icrası, rayonun aqrar potensialının genişləndirilməsi, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi, istehsal həcminin və məhsuldarlığın artırılması, eləcə də kənd təsərrüfatının inkişafı üçün mövcud imkanlardan səmərəli istifadə məsələləri müzakirə olunub. Aqrar sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları problemlər, onların həlli yolları və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Sonra təsərrüfat subyektlərində görülən işlərlə yerində tanış olmaq məqsədilə baxış keçirilib. Baxış zamanı quşçuluq məhsullarının istehsalı sahələrinə diqqət yetirilib, təsərrüfat sahiblərinin qarşılaşdıqları problemlər dinlənilib. Təsərrüfat sahiblərinə Dövlət Proqramının məqsəd və vəzifələri, aqrar sahənin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər, tətbiq olunan subsidiya mexanizmləri və dövlət dəstəyi imkanları barədə məlumat verilərək, mövcud imkanlardan səmərəli istifadə, istehsal həcminin və məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, istehsal proseslərinin təkmilləşdirilməsi və yeni istehsal sahələrinin yaradılması istiqamətində müvafiq tövsiyələr verilib.