İsrailin Kaye Akademik Təhsil Kollecinin tədris və öyrənmə prosesində süni intellektin inteqrasiyası üzrə rəhbəri, Oksford Universitetinin “Təhsildə süni intellekt” (AIEOU) layihəsinin tədqiqatçısı İdan Şavit Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə “Süni intellektin praktik tətbiqi və süni intellekt dövründə ali təhsilin gələcəyi” mövzusunda mühazirə oxuyub.
BDU-dan "İki sahil"ə bildirilib ki, İdan Şavit çıxışına süni intellekt vasitəsilə yaradılmış, onun görünüşü və səsi ilə fərqli dildə danışan videonun nümayişi ilə başlayıb. O, süni intellektin əvvəllər xüsusi bacarıq tələb edən bir sıra işləri qısa müddətdə yerinə yetirməyə imkan verdiyini bildirib.
Generativ süni intellektin iş prinsipindən danışan məruzəçi dil modellərinin cavabları ehtimallar əsasında formalaşdırdığını və buna görə də inandırıcı görünən məlumatların yanlış ola biləcəyini vurğulayıb. Mühazirədə auditoriyanın fotoşəklinin təhlili, “NotebookLM” vasitəsilə elmi məqalələr arasında əlaqələrin araşdırılması və süni intellekt agentinin təqdimat hazırlaması kimi praktik nümunələr nümayiş etdirilib. Qeyd olunub ki, süni intellektin hazırladığı nəticənin qiymətləndirilməsi və təkmilləşdirilməsi insanın üzərinə düşür.
İdan Şavit təhsildə süni intellektin istifadəsinə də toxunub. O, Böyük Britaniyada aparılmış sorğunun nəticələrinə istinad edərək, bakalavr tələbələrinin 95 faizinin təhsildə süni intellektdən istifadə etdiyini diqqətə çatdırıb. Pedaqoji məqsədlə hazırlanmış süni intellekt tyutorlarının öyrənmə nəticələrini yaxşılaşdıra bildiyini, məhdudiyyətsiz istifadənin isə müstəqil işləmə bacarığını zəiflətmək riski daşıdığını bildirib. Məruzəçinin fikrincə, əsas məsələ texnologiyanın özündən daha çox tapşırığın necə qurulması və tələbənin düşünmə prosesinin davam etdirilməsidir.
Mühazirədə süni intellektdən istifadənin etik tərəfləri də müzakirə olunub. Məruzəçi səs və görüntünün təqlidi, şəxsi məlumatların emalı kimi imkanların etik baxımdan əsaslandırılmasının vacibliyini vurğulayıb. O, məlumatların yoxlanılması, süni intellektdən istifadənin açıqlanması və həssas məlumatların qorunmasını akademik məsuliyyətin mühüm tərkib hissələri kimi qeyd edib.
Çıxışının sonunda İdan Şavit müəllimin tələbənin marağını araşdırmaya yönəltməkdə bələdçi rolunu oynadığını, universitetlərin süni intellektdən effektiv və etik istifadə üçün institusional şərait yaratmasının vacibliyini vurğulayıb. O bildirib ki, süni intellektin inkişafı ali təhsildə tədris, qiymətləndirmə və öyrənmə yanaşmalarının yenidən nəzərdən keçirilməsini tələb edir.
Sonda iştirakçıların sualları cavablandırılıb.
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
Dövlət Komitəsinin sədri Rusiya Müsəmanları Ruhani İdarəsinin nümayəndəsi ilə görüşüb