16 sentyabr 2026 12:05
76

Azərbaycan-Avstriya Turizm Proqramı üzrə AATP 2026 bakalavr qrupu formalaşdırılıb

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin (IMC Krems University of Applied Sciences)  birgə həyata keçirdiyi Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində 2026/2027-ci tədris ili üzrə AATP 2026 bakalavr qrupu formalaşdırılıb.
Beynəlxalq ikili diplom proqramına qəbul prosesi çərçivəsində ATMU və digər ali təhsil müəssisələrindən müraciət edən namizədlərin seçim müsahibələri keçirilib. Seçim mərhələsində namizədlərin ingilis dili üzrə bilik səviyyəsi, kommunikasiya və təqdimat bacarıqları, analitik düşünmə qabiliyyəti, akademik motivasiyası, beynəlxalq təhsil mühitinə uyğunluğu və proqramın akademik tələblərinə cavab vermək potensialı kompleks şəkildə qiymətləndirilib.
ATMU-dan müraciət edən 30 namizəddən 24-ü seçim müsahibələrinin nəticələrinə əsasən proqramda iştirak hüququ qazanıb. AATP-nin beynəlxalq xarakterinin gücləndirilməsi və müxtəlif ali təhsil müəssisələrində təhsil alan istedadlı tələbələrin proqrama cəlb edilməsi məqsədilə seçim imkanları digər universitetlərin tələbələri üçün də açıq olub. Nəticədə Xəzər Universiteti və Avrasiya Universitetindən müraciət edən 5 namizəd AATP 2026 bakalavr qrupuna qəbul olunub.
Beləliklə, 2026/2027-ci tədris ili üzrə seçim prosesinin nəticələrinə əsasən, ATMU, Xəzər Universiteti və Avrasiya Universitetini təmsil edən ümumilikdə 29 tələbədən ibarət AATP 2026 bakalavr qrupu formalaşdırılıb.
Qeyd edək ki, Azərbaycan-Avstriya Turizm Proqramı Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən beynəlxalq turizm təhsili proqramıdır. Proqram tələbələrə Azərbaycan və Avstriyanın ali təhsil sistemlərinin akademik təcrübəsindən yararlanmaq, beynəlxalq təhsil mühitində bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin turizm və qonaqpərvərlik sənayesinin müasir tələblərinə uyğun nəzəri və praktiki hazırlıq əldə etmək imkanı yaradır. 
AATP çərçivəsində tələbələrin beynəlxalq akademik və peşəkar mühitə inteqrasiyasına, mədəniyyətlərarası ünsiyyət bacarıqlarının inkişafına və turizm sektorunda qlobal əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşdırılmasına xüsusi əhəmiyyət verilir.