16 sentyabr 2026 12:57
80

SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin məhsulları müxtəlif ölkələrə ixrac olunur

Bu barədə "20 Sentyabr - Neftçilər Günü" çərçivəsində SOCAR-ın Etilen-Polietilen zavoduna media-tur zamanı məlumat verilib.

Bildirilib ki, zavodda istehsal edilən məhsullar əsasən Türkiyə, Estoniya və Çinə göndərilir. Qeyd edilib ki, məhsulların ixracı ilə bağlı əsas hədəf Avropa ölkələridir. İlk öncə Türkiyə bazarının tələbatı ödənilir.

Zavodda istehsal edilən məhsulların Mərkəzi Asiya ölkələrinə də tədarük edildiyi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramına” əsasən 2016-cı ildən etibarən “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun “EP-300” qurğusunda modernizasiya işlərinə start verilib. Modernizasiya layihəsinin əsas məqsədlərindən biri Sumqayıt Kimya Sənaye Parkında “SOCAR-Polymer” layihəsi çərçivəsində inşa edilmiş yeni polipropilen və yüksək sıxlıqlı poletilen istehsalı qurğularının dayanıqlı olaraq müvafiq keyfiyyət və kəmiyyət göstəricilərinə uyğun etilen, propilen, saf hidrogen və enerjidaşıyıcılarla təmin etmək olub.

“Azərikimya” İB-də istehsal üçün istifadə olunan xammallar birbaşa SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir. Beləliklə, Sumqayıtdakı “Azərikimya” İB-nin Etilen-polietilen zavodu SOCAR-ın dəyər zəncirinin mərkəzində qərarlaşır və xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan zəncirin əsas və ən önəmli həlqələrindən birini təşkil edir.

Layihə çərçivəsində, ümumilikdə zavodun müxtəlif xidmət sahələri üzrə (NÖC və A, elektriki, mexaniki, texnoloji və s.) qurğu və avadanlıqları mərhələli şəkildə istismara verilib ki, bunun da nəticəsində orta hesabla gündəlik xammalın emal həcmi 2500 tona qaldırılıb. Zavodda əsas məqsədli və digər məhsullar üzrə faktiki istehsal həcmi artıb. Gündəlik istehsal olunan əsas məqsədli məhsulların istehsalı - etilen üzrə 630, propilen üzrə isə 550 tona çatdırılıb.

Lahiyə üzrə yeni anbarlar, hidrogenin zənginləşdirilməsi qurğusu, propan-propilen fraksiya­ları qurğuları, 4 ədəd yeni piroliz sobası, M-4 turbokompressoru, etan-etilen və propan-propilen fraksiyalarının selektiv hidrogenləşməsi reaktorları, metan-hidrogen fraksiyasının etilendən təmizlənməsi kalonu, soyuq blokda hidrogenin karbon monooksiddən təmizlənməsi və müxtəlif tipli (yüksək sürət, qapalı tipli və xüsusi tores sistemli) nasoslar işə qoşulub. Metrologiya üzrə DCS, ESD sistemləri və sahə cihazlarının funksional sinaqları yerinə yetirilib, 2020-ci ilin sentyabr-oktyabr aylarında əsaslı təmir zamanı modernizasiya və layihə çərçivəsində inşa olan qurğu və avadanlıqlar mövcud “EP-300” qurğusuna birləşdirilib və zavodun yüksək məhsuldarlıqla istismarına başlanılıb.

Aparılan modernizasiya və yenidənqurma işlərindən sonra “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri, ümumilikdə, 2 dəfə, bəzi məhsullar üzrə isə 3 dəfə artırılıb, nəticə etibarilə, “SOCAR Polymer” kompleksinin zavodları lazımlı miqdarda etilen, propilen, saf hidrogen və enerjidaşıyıcılarla dayanıqlı rejimdə təmin edilir.

Orxan Vahidoğlu,
Vüsal Cahanov, “İki sahil”