Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri yalnız işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərini həyata keçirmək deyil, həm də yeni reallıqları beynəlxalq ictimaiyyətə ardıcıl və obyektiv şəkildə çatdırmaq olmuşdur. Son günlər Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura təşkil edilmiş səfəri məhz bu baxımdan xüsusi siyasi və diplomatik əhəmiyyət daşıyır.
Sentyabrın 11–12-də keçirilən səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyəti iştirak edib. Diplomatlar Şuşa və Xankəndi şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən bərpa-quruculuq layihələri, sosial-iqtisadi infrastruktur, eləcə də tarixi və mədəni irsin qorunması istiqamətində görülən işlərlə yerində tanış olublar.
Bu səfəri yalnız növbəti diplomatik tədbir kimi qiymətləndirmək düzgün olmazdı. Əslində, Azərbaycanın xarici siyasətində son illərdə formalaşmış mühüm xəttin – reallıqların beynəlxalq ictimaiyyətə birbaşa göstərilməsi siyasətinin məntiqi davamıdır. Azərbaycan Qarabağ həqiqətlərinin müxtəlif siyasi dairələrdə birtərəfli təqdim edilməsinə cavab olaraq artıq yalnız diplomatik bəyanatlarla kifayətlənmir, xarici diplomatları regiona dəvət etməklə onların baş verən prosesləri öz gözləri ilə görməsinə şərait yaradır.
Diplomatların Xudavəng və Gəncəsər monastır kompleksləri, “İstisu” mineral su zavodu və digər obyektlərlə tanış olması, həmçinin Kəlbəcərdə keçirilən Bal Festivalında iştirakı səfərin yalnız siyasi deyil, sosial, iqtisadi və mədəni məzmun daşıdığını göstərir.
Bu siyasətin mühüm üstünlüyü ondan ibarətdir ki, Azərbaycan beynəlxalq ictimaiyyətə öz mövqeyini yalnız sözlə deyil, konkret faktlarla nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə yeni yolların, yaşayış məntəqələrinin, məktəblərin, xəstəxanaların və digər infrastruktur obyektlərinin inşası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və regionun iqtisadi potensialının yenidən formalaşdırılması artıq müşahidə edilə bilən proseslərdir.
Məhz bu səbəbdən Ermənistan cəmiyyətində və bəzi siyasi dairələrdə səfərə qarşı nümayiş etdirilən kəskin münasibət diqqətdən kənarda qala bilməz. Azərbaycan ictimaiyyətinin son günlərdə səsləndirdiyi mövqelərdə də vurğulandığı kimi, Azərbaycan ərazisinə xarici diplomatların səfərinin etiraz və təzyiq predmetinə çevrilməsi, xüsusilə də bu səfərdə iştirak edən diplomatların hədəfə alınması regionda sülh və normallaşma prosesinin ruhuna uyğun deyil.
Burada daha mühüm bir məqam var. Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsində əsas prinsip qarşılıqlı olaraq bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Belə bir şəraitdə Azərbaycanın suveren ərazisində xarici diplomatların səfərinə etiraz edilməsi məntiqi baxımdan ciddi suallar doğurur. Əgər regionda həqiqətən yeni səhifə açmaq, keçmiş münaqişənin ağır mirasını geridə qoymaq və davamlı sülh yaratmaq istəyiriksə, tərəflər bir-birinin suveren hüquqlarına hörmət etməlidirlər.
Azərbaycanın diplomatik siyasətinin düzgünlüyü də məhz burada özünü göstərir. Ölkəmiz qarşı tərəfin ritorikasına emosional cavab vermək əvəzinə, beynəlxalq ictimaiyyət nümayəndələrini regiona dəvət edir, görülən işləri göstərir və qiymətləndirməni xarici diplomatların özlərinə buraxır. Bu, özünəinamlı dövlət siyasətinin əlamətidir.
Eyni zamanda, bu səfərlər Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yaratdığı yeni reallığın beynəlxalq diplomatik müstəvidə möhkəmlənməsinə xidmət edir. 2020-ci ildən etibarən diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə artıq 22 dəfə səfər etməsi də bu siyasətin epizodik deyil, sistemli xarakter daşıdığını göstərir.
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycanın xarici siyasətinin ardıcıl, məqsədyönlü və reallıqlara əsaslanan xarakterini bir daha nümayiş etdirir. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməklə yanaşı, beynəlxalq ictimaiyyətə qapılarını açır, həyata keçirdiyi bərpa-quruculuq prosesini nümayiş etdirir və regionun gələcəyini sülh, əməkdaşlıq və inkişaf müstəvisində görmək istədiyini ortaya qoyur.
Əminə Ağazadə,
Milli Məclisin deputatı
Avropa institutlarının bəyan etdiyi prinsiplərlə siyasi davranışları arasında ziddiyyət var - Ramil İskəndərli
Diplomatların gözü ilə yenilənən Qarabağ: Sülhə aparan yol və İrəvanın əsassız reaksiyası
Müasir dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış şərəf, qürur və Zəfər səhifəsi